Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakın qiymətlərində fərqli artım templəri müşahidə olunur.
Publika.az xəbər verir ki, ekspertlərin fikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Bu proses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə və hətta enməni də görmək mümkün olacaq.
Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, o cümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənzil tapmaq olacaq?
Məsələ ilə əmlak eksperti Elnur Fərzəliyev Trend-ə açıqlamasında deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətən ucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburən öz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:
“Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərin Günəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həmin ərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundan əlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdə açılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmaz əmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şərait yaranacaq”.
Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbii formada olsa da, əksər ərazilərdə süni artımlar da var.
“Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnə binalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdə tikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəb olur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxta deyil, həmin ərazilərə üz tutur”, - deyə ekspert əlavə edib.