AZ

Emil Mustafayev “Çernomorets”də debüt etdi - Video

Futbol üzrə Azərbaycan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Emil Mustafayev “Çernomorets”də debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçunun Odessa klubundakı debütü Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 18-ci turuna təsadüf edib.

“Çernomorets” qış fasiləsindən sonrakı ilk matçını səfərdə “Kolos”a qarşı keçirib. Kovalivka klubu ilə səfər oyunu odessalıların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Mustafayev yeni komandasındakı ilk matçına start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Odessa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini qış fasiləsində bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Emil icarə müddəti bitəndən – iyunun 30-dan sonra “Polesye”yə dönəcək. Onun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Seçilən
10
arena.az

1Mənbələr