Fevralın 24-də ABŞ BMT Baş Assambleyasına Ukrayna münaqişəsinin nizamlanmasına dair qətnamə təqdim edəcək. Xarici KİV-in yaydığı məlumata görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Bundan əvvəl bildirilmişdi ki, Birləşmiş Ştatlar BMT Baş Assambleyasının yeni qətnamə layihəsində Ukraynada münaqişənin başlanmasına görə Rusiya Federasiyasını günahlandırmır. Amerika tərəfi Rusiya əleyhinə qətnamə layihəsinin həmmüəllifi olmaqdan imtina edərək, “Sülhə gedən yol” adlı öz neytral sənədini təklif edib. Onun mətnində deyilir ki, Baş Assambleya Rusiya-Ukrayna münaqişəsinin qurbanlarına yas tutur, ona tezliklə son qoyulmasını xahiş edir və Rusiya ilə Ukrayna arasında davamlı sülhə çağırır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural