Kriptovalyuta birjası "Bybit" dünən verdiyi açıqlamada, bir hakerin "Ethereum" cüzdanlarından birinin nəzarətini ələ keçirdiyini və vəsaitləri naməlum ünvana köçürdüyünü bildirib.
Valyuta.Az xəbər verir ki, kripto analitik şirkətlərinin məlumatına görə, oğurlanan vəsaitlərin dəyərinin təxminən 1,5 milyard dollar olduğu ehtimal edilir.
Şirkətin baş direktoru Ben Jou "X"də etdiyi paylaşımda hücuma məruz qalan yeganə cüzdanın "Ethereum" olduğunu, birjadakı digər cüzdanların təsirlənmədiyini və vəsait çıxarılması prosesinin normal qaydada davam etdiyini qeyd edib.
Şirkət bütün müştəri vəsaitlərinin təhlükəsiz olduğunu, əməliyyatların fasiləsiz şəkildə davam etdiyini və təhlükəsizlik komandasının hadisəni araşdırdığını açıqlayıb.
60 milyondan çox istifadəçiyə malik olan "Bybit" platforması "Bitcoin" və "Ethereum" da daxil olmaqla müxtəlif kriptovalyutalara çıxış imkanı təqdim edir.
Hadisədən sonra "Bybit Global"ın açıqlaması bu şəkildə olub:
> "Araşdırma və istintaq tədbirlərini davam etdirərkən, bütün müştərilərimizin vəsaitlərinin tamamilə təhlükəsiz olduğunu və 1:1 nisbətində saxlanıldığını təsdiqləmək istəyirik. Hadisə nəticəsində oğurlanan vəsaitlər hələ geri qaytarılmasa da, "Bybit" maliyyə baxımından son dərəcə sabitdir və ödənişləri yerinə yetirmək gücündədir. Rezervlərimiz hər cür potensial itkini qarşılamaq üçün kifayət qədər güclüdür. Platformamızın çıxarma, alqı-satqı və digər funksiyalarına heç bir mənfi təsir etmədən, sərt risk idarəetmə tədbirləri ilə əməliyyatlarımızı sabit maliyyə bazası üzərində davam etdiririk.
> Mövcud vəziyyətin vəsait çıxarma tələblərində artıma səbəb olduğunun fərqindəyik. Yüksək həcmli bu tələblər müəyyən gecikmələrə yol açsa da, bütün çıxarma əməliyyatlarının hər zamanki kimi normal qaydada yerinə yetiriləcəyinə əmin ola bilərsiniz. Əlaqədar komandamız əməliyyatların problemsiz və vaxtında baş verməsi üçün səylə çalışır. Bu şəraitdə göstərdiyiniz fasiləsiz dəstəyə və səbrinizə görə minnətdarıq!"
Hadisədən sonra kriptovalyuta bazarlarında geriləmə müşahidə olunub. Bazar dəyərinə görə ikinci yerdə olan "Ethereum" son 24 saatda 2% dəyər itirərək 2 684 dollar səviyyəsinə düşüb.
Rəhim