"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun fevralın 24-də Türkiyə Superliqası çərçivəsində "Qalatasaray"a qarşı keçiriləcək oyunla bağlı xüsusi plan hazırladığı məlum olub.

Offsideplus.az qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı İstanbul derbisi ərəfəsində futbolçularına jurnalistlərlə ünsiyyəti yasaqlayıb.

Mourinyo özü isə bu günlərdə mətbuat nümayəndələri ilə hər görüşündə müxtəlif üsullarla derbiyə aid suallardan yayınıb. Hərçənd jurnalistlər UEFA Avropa Liqasının pley-off mərhələsində "Anderlext"lə oyundan həm əvvəl, həm də sonra bu mövzuya toxunublar. Təcrbəli mütəxəssis Belçika səfərindən qabaq "İndi ancaq "Anderlext"lə görüşü düşünürük" deyibsə, onun növbəti mətbuat konfransındakı cavabı gözlənilməz olub.

KİV təmsilçiləri fevralın 20-də "Anderlext"lə 2:2 hesabı ilə başa çatan matçdan sonra nəhayət, Mourinyonun derbi barədə danışacağına ümid bəsləyiblər. Lakin "Fənərbaxça" ilə avrokuboklarda növbəti mərhələyə yüksəldiyindən əhval-ruhiyyəsi yaxşı olan portuqaliyalı soyuqqanlılığını pozmayıb: "İndi dincəlməyi haqq edirik. Otelə gedib, dönər yeməyə layiqik. Sonra sevimli filmimi izləyəcəyəm. Bu kefləri dadandan sonra "Qalatasaray"la oyun barədə düşünməyə bşlayacağıq".

"Fənərbaxça"dakı həmkarından fərqli olaraq, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk jurnalistlərə heç bir qadağa qoymayıb.