AZ

Hindistanlı turistlərin Türkiyəyə marağı artıb

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən "SATTE" sərgisində iştirak edən İstanbul Turizm Dərnəyi və "TravelShop Turkey" şirkətinin İdarə Heyətinin sədri Murtaza Kalender Hindistan bazarının böyük potensialını vurğulayaraq mühüm açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Murtaza Kalender, "Hindistan və Türkiyə arasında turizm körpüsünü gücləndirmək üçün sərgilərdə iştirak etməyə davam edirik. Hindistan bazarı bizim üçün böyük bir fürsət təqdim edir. Doğru strategiyalarla hərəkət etsək, önümüzdəki üç ildə bir milyon zəngin hindlini ölkəmizə gətirə bilərik" deyib.

Dünyada ən çox pul xərcləyən turist qruplarının MICE (Meetings, Incentives, Conferences, and Exhibitions - toplantı, mükafat, konfrans və tədbirlər) və toy təşkilatları olduğuna diqqət çəkən Kalender qeyd edib ki, Hindistan bu sahədə qabaqcıl ölkələrdən biridir:

“Elit hind toyları və MICE qrupları üçün Türkiyəni ilk seçim məkanı edə bilərik. Ancaq bunun üçün viza və nəqliyyat maneələrini aradan qaldırmalıyıq".

Hindistanlı tur operatorlarının Türkiyəni tanıtmaq istədiklərini, lakin viza və təyyarə biletlərinin yüksək qiymətinin bu prosesi çətinləşdirdiyini deyən Kalender, bunları söyləyib: 

"Türkiyə üçün viza rüsumu 300 dollar civarındadır. Azərbaycan 35 dollara viza verdiyi halda, Balkan ölkələri, Misir və digər istiqamətlər viza rahatlığı təmin edir. Bu səbəbdən Hindistandan başqa ölkələrə gedən turistlərin sayı bizdən 3-4 dəfə artıb. 2024-cü ildə bu artıma nail ola bilsəydik, 500 min hindistanlı turisti qəbul edə bilərdik".

Kalender Türkiyənin Hindistan bazarında rəqabət apara bilməsi üçün viza prosedurlarının təcili şəkildə nəzərdən keçirilməsi və sadələşdirilməsinin lazım olduğunu bildirib.

Türkiyənin hindistanlı turistlər üçün bənzərsiz bir məkan olmağa davam etdiyini vurğulayan Kalender bunları deyib: 

"Türkiyənin bənzərsiz mətbəxi, zəngin mədəniyyəti, tarixi irsi və təbii gözəllikləri hindistanlı turistlər üçün böyük bir cazibə mərkəzidir. Bu potensialdan ən yaxşı şəkildə istifadə etmək üçün əzmlə çalışmağa davam edəcəyik. Mədəniyyətləri bir araya gətirən turizm və dostluqları gücləndirən turizm üçün birlikdə çalışacağıq".

Seçilən
20
cebheinfo.az

1Mənbələr