AZ

Qurban Qurbanov: "Mən də razı qaldım, rəqib də"

"Belə soyuq havada mübarizə apardıqları üçün hər iki komandanın futbolçularına təşəkkür etmək istərdim. Xüsusən, oyunun sonlarında sürət artdı, hər kəs dinamik futbol oynadı. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Belə havada oynanılan futboldan mən də razı qaldım, yəqin ki, rəqib də. Belə havada bizimlə olduqları üçün azarkeşlərimizə təşəkkürümü bildirirəm".

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis nəticəni xal itkisi saymayıb: "Bu oyunda 1 xal qazandıq. Xallarımızın üstünə xal gəlirsə, bunu qazanılmış xal sayıram. Nəinki biz, ümumiyyətlə, hər ikimiz bir xal qazandıq. Matçın əvvəlləri darıxdırıcı kimi görünə bilərdi, amma sonradan oyun get-gedə aktivləşdi, dinamika artdı. Fikrimcə, ümumən maraqlı oyun oldu".

Qurbanovun sözlərinə görə, buraxdıqları qolda daha diqqətli olmaq lazım idi: "Qol buraxdığımız epizodda narazılığım oldu ki, niyə topu vaxtında çıxarmadınız. Bəzi epizodlarda məsuliyyətli oynamağın gərəkliyinə dair etiraz bildirdim. Amma daha çox Cesse Sekidikanın ustalığını qeyd etmək lazımdır. Belə oyunlarda daha diqqətli olmaq lazımdır. Əslində isə bu, irad yox, motivasiya idi".

Seçilən
19
2
publika.az

3Mənbələr