Premyer Liqada ən geniş heyətlə çalışan baş məşqçilərdən biri Elmar Baxşıyevdir.
Xidmətində 25-26 nəfər dayanıb.
Bu şəraiti ona yaratdığı üçün Baxşıyev klub rəhbərliyinə minnətdar olmalıdır. Zaur Axundov gerçək bir səxavət nümunəsidir.
Allah bilir, bu qədər futbolçunu bir araya toplaya bilmək üçün nə qədər xərc çəkib, nə qədər borca düşüb!
Elmar Baxşıyev Zaur Axundova nə qədər təşəkkür etməlidirsə, bir o qədər bəxtindən küsməlidir. Komandası zədə epidemiyasına yoluxub.
Hər həftə bu siyahı bir az də böyüyür. Bəxtiyar Həsənəlizadə, Ömər Buludov, Miço Kuzmanoviç, Ramon Maçado zədəli, İqor Ribeyro cəzalıdır.
Bir yığın itki ilə üzləşmiş «Araz»ın son həftələrdəki enişi təbiidir. Adicə 1 futbolçu meydanda görünməyəndə komanda bir-birinə dəyir, qaldı bu qədər itki ilə üzləşəndə.
Adlarını çəkdiklərimizin hamısı «11-lik» oyunçusudur, Elmar Baxşıyev nə etsə belə, onların yoxluğu yenə özünü hiss etdirəcək.
Heyət genişdir, düzdür. Ancaq «Araz» iki bərabərsəviyyəli heyət toplamayıb, bu vəziyyətdə isə sabit oynamaq, sabit nəticə qazanmaq zülmdür, təsadüfi hallarda mümkündür.
Təsadüfdəndir, ya zərurətdəndir, «Araz» psixoloji təzyiqin altında inləyir.
Hakimlərin münasibətinin dəyişməsi azmış kimi, şans da qol yollarını bağlayıb, sonluğu gətirə bilmirlər.
ELXAN