Ağcabədi rayonunda qonşu qadının evinə girən sərxoş həbs edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ağcabədi şəhərində baş verib.
1995-ci il təvəllüdlü Murad (adlar şərti verilib – red.) sərxoş vəziyyətdə öz evini səhv salıb və qonşusunun evinə girib. Bu zaman onu ev sahibi olan Nərminə adlı qadın qarşılayıb. Onların arasında mübahisə yaranıb. Qadın çağırılmamış qonağı evdən qovan zaman əlbəyaxa olublar. Murad ev sahibinə xəsarət yetirib.
Murad izahatında göstərib ki, zərərçəkmiş şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Evə gələn zaman sərxoş olduğu üçün ünvanı səhv salıb, həmin vaxt Nərminə onu təhqir etdiyi üçün aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Nərminə məni vurmaq istədi. Mən isə onun əlindən çıxaraq qaçdım. Törətdiyim əməldən peşmanam”.
İş üzrə izahat verən Nərminənin ifadəsinə görə, Murad onun yaşadığı evə gəlib: “Sərxoş olduğu üçün mənə əl-qol atdı. Çölə çıxmaq istədim, Murad məni tutaraq piləkəndən yerə yıxdı. Şalvarımı və koftamı çıxarmaq istədi. Mən isə onu itələyərək çölə çıxdım və səs-küy saldım. Bundan sonra Murad qaçaraq getdi”.