AZ

Müdafiə Nazirliyinin kollegiya iclası keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Publika.az xəbər verir ki, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışan müdafiə naziri Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb.

Müdafiə naziri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə qüdrətinin əhəmiyyətini xüsusi vurğulayaraq, cari ildə Ordu quruculuğu istiqamətindəki perspektiv planlardan geniş söhbət açıb.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.

Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla davam etdirilib.

Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.

Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.

Kollegiyada şəxsi heyətin sağlamlığının qorunması, praktiki məşğələlərin intensivliyinin artırılması, nizam-intizamın vəziyyəti məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Seçilən
3
18
publika.az

10Mənbələr