Bakı, 24 fevral, AZƏRTAC
Masato Kanda bazar ertəsi Asiya İnkişaf Bankının 11-ci prezidenti vəzifəsinin icrasına rəsmi olaraq başlayıb.
AZƏRTAC xəbər verir ki, yeni prezident regionun aşağı karbonlu iqtisadiyyata keçidini sürətləndirmək üçün bir sıra maliyyələşdirmə təşəbbüslərinin başlanmasında mühüm rol oynamış Masatsuqu Asakavanın yerinə gəlir.
AİB-in məlumatına görə, beynəlxalq maliyyə və inkişaf siyasətində 40 ilə yaxın təcrübəsi olan Kanda bazarın qeyri-sabit olduğu dövrlərdə qətiyyətli hərəkətlərinə görə geniş qiymətləndirilir. Yaponiyanın beynəlxalq məsələlər üzrə maliyyə nazirinin müavini kimi o, innovativ maliyyə həllərinin hazırlanmasında və bazarları sabitləşdirmək üçün siyasət tədbirlərinin əlaqələndirilməsində əsas rol oynayıb.
AİB Asiyada infrastrukturun inkişafı və yoxsulluğun azaldılması məqsədilə 1966-cı ildə yaradılıb. Baş ofisi Filippinin paytaxtı Manilada yerləşən bankın 49-u regiondan olmaqla 68 üzvü onun səhmdarlarıdır. AİB prezidentini onun Rəhbərlər Şurası seçir. Ənənəyə uyğun olaraq, bankın prezidenti ən iri səhmdar ölkənin nümayəndəsi olmalıdır. Yaponiya AİB-in ən iri səhmdarı olduğundan indiyədək bankın prezidenti vəzifəsinin bütün icraçıları bu ölkənin təmsilçiləri olub.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildə banka üzv olub. 2004-cü ildən AİB-in Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi istiqamətindəki fəaliyyətlərdə AİB Azərbaycana dəstək göstərir. Belə ki, AİB nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 1999-cu ildən bəri Azərbaycana 130-dan çox kredit, qrant, investisiya, texniki yardım layihələrinin, ticarət və təchizat zəncirinin maliyyəsi və mikromaliyyə proqramlarının maliyyələşdirilməsi üçün 5,27 milyard ABŞ dolları vəsait ayırıb.