AZ

Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı – deputat

Bakı, 24 fevral, AZƏRTAC

Ermənistanın Azərbaycana törətdiyi qanlı cinayətlər arasında Xocalı soyqırımı xüsusi amansızlığı ilə seçilir. Dinc əhalini kütləvi qətliama məruz qoyan ermənilərin məqsədi bir rayonun əhalisini tamamilə yer üzündən silmək idi. Onların insanlıq əleyhinə törətdikləri bu cinayəti yalnız dünya tarixində dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Holokost və Ruanda kimi faciələrlə müqayisə etmək olar. Təəssüflər olsun ki, dünya, beynəlxalq təşkilatlar hələ də Xocalı faciəsinə lazımi qiymət verməyib. Üstündən 33 il keçsə də Xocalı faciəsi Azərbaycan xalqı üçün qaysaqlamamış sağalmaz yaradır. Biz Xocalı şəhidlərinin qisasını 28 il sonra döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsində döyüşə atılan gənclərin böyük əksəriyyəti 1992-ci ildə heç anadan olmamış, Xocalı faciəsi haqqında kitablardan, mətbuatdan məlumat almışdılar. Amma onlarda vətənpərvərlik ruhu, qisas hissi o qədər güclü idi ki, müharibənin başlanmasını səbrsizliklə gözləyirdilər. Onları silaha sarılaraq döyüş meydanına çəkən qüvvə məhz ermənilərin Xocalıda amansızcasına qətlə yetirdikləri uşaqların, qadınların, qocaların ruhu idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar: “Onların məqsədi təkcə Xocalını işğal etmək deyildi, əhalini qırmaq, bütün Azərbaycan xalqının gözünü qorxutmaq idi. Xocalını ayaqyalın tərk etmək istəyən əhalini pusquya salıb qətlə yetirmək, meyitləri təhqir etmək misli görünməmiş cinayətdir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını qəsdən törətdiklərini etiraf edib. O bildirib ki, Xocalıya qədər azərbaycanlılar ermənilərlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu, əli azərbaycanlıların qanına batan Serj Sərkisyanın etirafıdır. Onun birbaşa iştirakı ilə Xocalıda 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri diri-diri yandırılıb, başının dərisi soyulub, boynu vurulub, gözləri çıxarılıb, hamilə qadınlar isə qarın boşluğuna süngü vurularaq öldürülüb. Xocalı şəhəri xarabalığa çevrildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli iş nəticəsində ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları faciəni tanıyıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib”.

Ermənistanın beynəlxalq təşkilatlar, ədalət məhkəməsi tərəfindən cəzalandırılmadığını təəssüflə dilə gətirən Mehriban Vəliyeva bildirib ki, Azərbaycan dövləti özü cinayətkarı cəzalandırmaq qərarına gəldi və bunu bacardı: “2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz lideri – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Həm onların qisası alındı, Xocalı azad olundu, həm də onlara qarşı cinayət törədən ermənilərin bir qismi Bakıda məhkəmə qarşısında cavab verir. Əminəm ki, Bakı Hərbi Məhkəməsi Qarabağda insanlıq əleyhinə cinayətlər törətmiş erməni əsilli şəxslərə layiqli cəza verəcək”.

Seçilən
40
6
azertag.az

6Mənbələr