"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Heydər Əliyev prospektinin çökmüş hissəsində təmir işlərinə başlanılıb.
bu gün səhər saatlarında əraziyə texnika cəlb olunub.
Hazırda təmir prosesi davam etdirilir.
İlkin məlumata görə, yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.
Qeyd edək ki, Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Yolun çökməsi həyəcana səbəb olmamalıdır, ona görə ki, paytaxt sakinlərinin tez-tez üzləşdiyi bir hadisədir.
Hələ 9 fevral günü Bakıda metronun “Həzi Aslanov” stansiyasının qarşısındakı yol çökmüşdü. Söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsindən gedir.
Bəli, yolun çökməsi Bakıda sürpriz hal deyil… Sürpriz hal , məsələn ötən ilin sentyabr ayında təmirdən çıxan Səbail rayonu,Nizami küçəsindəki yolun dekabr ayında çökməsidir.
Səbail rayonu demişkən, 2024-cü ilin oktyabr ayında bu rayon ərazisində də yol çökmüşdü. Hadisə Səbail rayonu Şeyx Şamil küçəsində "İçərişəhər" metro stansiyasının yaxınlığında baş vermişdi.
Oktyabr ayı demişkən, 24 oktyabr 2024-cü ildə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində də yol çökdü. Ərazidə yaşayan sakinlər biidirdi ki, son günlərdə yağan aramsız yağışlar asfaltı bu hala salsa da, çökməyə səbəb təkcə yağıntı deyil: “Gəldilər, asfalt vurdular, amma asfalt vuranda altına gil verməzlər.
Burada görünən işlər göz qabağındadır. Gilin üzərinə asfalt vurandan sonra, əlbəttə çökəcək”.
Amma həmin ilin iyulunda Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yol çökəndə heç göydən yerə bir damla da düşmürmüş.
Yaranan vəziyyətdən ən çox əziyyət çəkən sürücülər iddia etdilər ki, küçənin ortasındakı bu çökmə bir neçə gün əvvəl yaranıb. Nəticədə isə bir neçə avtomobilin təkərləri partlayıb.
Əslində buna “yolçökməsi” də demək olmaz , yolun ortasında ədəb-ərkanlı bir quyu açılmışdı.
Elə ötən ilin avqust ayında Səbail rayonu, Badamdar şossesində yol çökəndə də “günahkar” yağış yağmamışdı.Həmin yol Badamdar və 20-ci sahə Bayıl arasındakı əsas şosse olduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranmışdı.
P.S. Deyir birinin rəfiqəsi 4- cu dəfə ərə gedirmiş. Oğlan evinin maşınları darvazanın ağzında siqnalllaga başlayanda gəlin başlayır həyəcandan titrəməyə .. Rəfiqə başlayır, buna təsəlli verməyə... Sən Allah həyəcanlanma, başına dönüm özünə gəl, azzz birinci dəfə döyül haa, niyə həyəcanlanıran?Uzun sözün qısası, heyrətlənməyə, təəccüblənməyə, təşvişə düşməyə, həyəcan keçirməyə dəyməz. Bir ildə bir dəfə olmur ki, bu hissləri yaşayasınız, hər həftə başı olmasa da, hər ay başı mütləq buna bənzər bir hadisə yaşayırıq. Möhkəm olun!
Əntiqə Rəşid