AZ

Bu müəllimlərin attestasiya prosesi 2 il ərzində başa çatdırılacaq

Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir.

Bu barədə hafta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son iki il ərzində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin həm forması, həm də məzmunu üzrə geniş islahatlar həyata keçirilməyə başlanılıb. İlk dəfə olaraq ötən il şagirdlərin musiqi məktəblərinə qəbulu elektronlaşdırılıb. Müəllimlərin işə qəbulu isə iki mərhələli və tam şəffaf şəkildə təşkil edilib. 2023-cü ildə 253, 2024-cü ildə isə 237 müəllim uğur qazanıb. Yeni müəllimlərin 63 faizi ali təhsillidir.

Qeyd olunub ki, bu il ilk dəfə incəsənət məktəblərinin idarəedilməsi üçün İMES rəqəmsal platforması yaradılıb. Bu sistem tədris prosesinin izlənilməsi, müəllim-şagird məlumat bazasının formalaşdırılması, elektron cədvəllərin yaradılması və analitik təhlillərin aparılmasına xidmət edəcək. Hazırda bu sistemdə çalışan müəllim heyətinin 80 faizə yaxını orta ixtisas təhsillidir. Ali təhsilli müəllimlərin sayı cəmi 17 faizi təşkil edir ki, onların da yalnız yarısı profil üzrə ixtisaslaşıb.

Mədəniyyət Nazirliyi müəllimlərin peşəkar bacarıqlarının qiymətləndirilməsi və inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirir. İlk dəfə olaraq nazirlik tabeliyində fəaliyyət göstərən müəllimlərin peşəkar bacarıqlarının və səriştələrinin ölçülməsi məqsədilə qiymətləndirmə-attestasiya prosesi təşkil ediləcək. Bu prosesin iki il ərzində başa çatdırılması nəzərdə tutulur. Bundan sonra isə musiqi və incəsənət müəllimlərinin ehtiyaclarına uyğun təlimlərin keçirilməsi, açıq dərslərin təşkili və müəllim hazırlığı ilə bağlı ali və orta ixtisas təhsil müəssisələri ilə əməkdaşlıq planlaşdırılır.

Attestasiya prosesi ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində başlayacaq və daha sonra digər bölgələri əhatə edəcək. Sosial mediada bəzən musiqi və incəsənət məktəblərində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə ehtiyac olub-olmaması müzakirə edilir. Bəziləri bu addımı işdən azad etmə vasitəsi kimi dəyərləndirir. Lakin nəzərə almaq lazımdır ki, müəllimlər gələcəyimizin təminatçısı olan şagirdlərin təhsilinə birbaşa təsir göstərir və öz üzərində daim işləməlidir.

Seçilən
37
5
hafta.az

7Mənbələr