AZ

“Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin ilkin mühəndis layihələndirilməsi başlayıb

Bakı, 25 fevral, AZƏRTAC

Fransanın “TotalEnergies” şirkəti Azərbaycanda “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üçün “Front End Engineering Design” (FEED) layihəsinə başlayıb.

AZƏRTAC şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2023-cü ilin iyul ayından istismara verilən “Abşeron” yatağının işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və sutkada 12 min barel kondensat hasilatı təmin edilməklə istehsalın sabit və təhlükəsiz səviyyəsi qorunur.

“Yatağın işlənməsinin ikinci mərhələsi (tammiqyaslı işlənmə - FFD) üçün FEED layihəsi bir il ərzində yekun investisiya qərarının (FİD) qəbul edilməsinə hazır olmaq məqsədi ilə 2025-ci ilin əvvəlində başlayıb”, - deyə şirkət qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Avropanın 10 ölkəsi - İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya ilə qaz təchizatına dair müqaviləsi var. Azərbaycan qazı Avropaya “Cənub Qaz Dəhlizi” qaz kəmərləri sistemi vasitəsilə çatdırılır.

Seçilən
6
1
azertag.az

2Mənbələr