AZ

BDU-nun professoru: Xalqımız Xocalı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir

Bakı, 25 fevral, AZƏRTAC

Otuz üç il əvvəl - 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə xüsusi amansızlıqla həyata keçirilən Xocalı soyqırımı bəşəriyyət tarixində törədilmiş ən ağır qanlı cinayətlərdən biridir. Bu soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

İşğal zamanı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi, o cümlədən tarixi və mədəni abidələr dağılıb, qəbiristanlıq və məzarlar yerlə-yeksan olunub.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin professoru Aydın Kazımzadə söyləyib.

Professor vurğulayıb ki, Xocalı soyqırımına ilk dəfə hüququ-siyasi qiymətin verilməsi, bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin təşəbbüsünə əsasən 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan Bakıda “Ana harayı” abidəsini ziyarət edir, soyqırımı qurbanlarının xatirəsini anır.

Aydın Kazımzadə diqqətə çatdırıb ki, ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər çap olunub, bununla bağlı internet saytları yaradılıb. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu məsələni daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu vaxtadək dünyanın 17 ölkəsi və ABŞ-ın 20-dən çox ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu da sistemli tədbirlər həyata keçirir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası misilsiz əhəmiyyətə malik olub və hazırda uğurla davam etdirilir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. “Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.

Bu gün xalqımız Xocalı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə yeni reallıq yaratdı, Xocalı faciəsi qurbanlarının da qisası alındı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar, separatçı rejimin digər rəhbərləri və cinayətkarları isə bu gün Bakıda, ədalət məhkəməsi qarşısında cavab verirlər. Prezident İlham Əliyevin dediyi kimi: “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”.

“İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalıda da hazırda geniş bərpa və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər yenidən qurulur, dirçəlir. Artıq ötən ildən başlayaraq Xocalı öz sakinlərinə qucaq açıb. Xocalıya öz sahibləri qayıdıb, qayıdır və bu torpağa yeni nəfəs gəlir!”, - deyə professor Aydın Kazımzadə fikrini yekunlaşdırıb.

Seçilən
15
azertag.az

1Mənbələr