AZ

Faciədən zəfərə: Xocalının qisası alındı, növbəti hədəf budur

Bu gün, 09:37

Tariximizin qanlı hadisələrindən olan Xocalı faciəsindən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Bu, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırım idi. Xocalı faciəsi zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.
Hüquq elmləri doktoru, professor, görkəmli hüquqşünas Məhəmməd İmanlı Publika.az-a bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı namərd ermənilərin törətdiyi heç vaxt unudulmayan tarixi cinayətdir:
“Bu soyqırım son əsrlərin ən dəhşətli hadisələrindən biridir. Mənfur düşmən gecə qəfildən vətəndaşlarımızın üzərinə hücum edərək amansızcasına uşaq, qadın, qoca demədən cinayətlər törətdi. Canilərin bu tarixi cinayəti törətməsi nəticəsində minlərlə insan şikəst oldu, yüzlərlə insan həlak oldu. Bu cinayəti törədən də erməni caniləri, onların havadarları və başlarında dayanan Rusiyanın 366-cı alayı idi.
Araşdırmalar ilə sübut olundu ki, erməni faşistləri yeni doğulan körpələrlə necə amansız rəftar ediblər. Hətta onlar bundan zövq alıblar. Bu cinayəti törədənlərin başında dayananlardan biri Azərbaycan tərəfindən axtarışda olan Robert Köçəryandır. Azərbaycan həmin cinayətkarların cəzalarını çəkməsi üçün illərdir mübarizə aparır. Hər bir azərbaycanlı inanır ki, bu cinayəti törədənlər Haaqa Məhkəməsində, Hərbi Cinayətlər Məhkəməsində öz cəzalarını çəkəcəklər.

Hərbi Cinayətlər Məhkəməsi bununla bağlı faktları araşdırmağa davam edir. Eyni qaydalar bu cinayətin digər səbəbkarlarına da mütləq tətbiq ediləcək”.
Professor qeyd edib ki, bu cinayətin törədilməsinə ilham verən Rusiya ilə yanaşı həmin dövrün siyasi strukturunu təmsil edən Ayaz Mütəllibov və Əbdürrəhman Vəzirov da birbaşa səbəbkarlardandır:
“Onların cinayətin törədilməsi ilə bağlı verdikləri ilkin informasiya yanlış və birmənalı olaraq düşmənin lehinə idi. Həmin dövrün informasiya kanallarında yekdil və vahid iştirak edən, dünyaya doğru məlumatların çatdırılmasında iştirak edən jurnalistlərimizin şücaəti də tarixi hadisə idi. Bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıdır ki, onun rəhbərliyi altında yaradılmış komissiya hərbi cinayətlər törədildiyini və bu cinayətlərin Azərbaycan xalqına qarşı milli, etnik təmizləməyə görə törədilmiş soyqırım adlandırılmasına nail olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə bu soyqırımın dünyaya çatdırılması üçün sənədli filmlər, kitablar nümayiş etdirildi. Bu gün bütün dünya Xocalı soyqırımını tanıyır. Bu soyqırımın tək Azərbaycan xalqına deyil, insanlığın tarixinə qarşı törədilən cinayət olduğunu sübut edən şəxslər məhz onlar olmuşdur.
Qeyd etmək lazımdır ki, dünya birliyi hələ də bunun Azərbaycan xalqına qarşı törədilən beynəlxalq cinayət olduğunu qəbul etmir. Onlar hələ də bu təsdiq olunmuş tarixi hadisəyə obyektiv yanaşa bilmirlər”.
M.İmanlı Xocalının azad olunma tarixindən də bəhs edib:
“Xocalı 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarında azad edildi. Yevlax rayonunda keçirilən danışıqlar sayəsində isə 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Prezident İlham Əliyev həmin il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Xocalının azad olunmasından sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə ora səfərlər edib, sakinlərlə görüşlər keçiriblər.
Onlar orada görülən yenidənqurma işləri ilə tanış olmuş, layihələrin həyata keçirilməsinə töhvə vermiş, təməlqoyma mərasimlərində çıxışlar etmişlər. Ölkə başçısının oradakı çıxışları dünyaya Xocalının yenidən dirçəlməsini xəbər verirdi.
Bu səfərlər bizim əzəli torpaqlarımıza tarixi və əbədi qayıdışımızın göstəricilərindən biridir.

Necə ki, illərdir işğal altında olan ərazilərdə Azərbaycan bayrağının yenidən dalğalanmasının şahidi olduq, bu cinayəti törədənlərin hər birinin də bir-bir məhkəmə qarşısında cavab verməsinin şahidi olacağıq”.
Roza Şəfiyeva
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması” istiqaməti üzrə hazırlanıb.


Seçilən
87
30
Reportyor.tv

10Mənbələr