AZ

Əhməd Şara türkmənləri Milli Dialoq Knfransına dəvət etmədi

Yazını böyüt
Yazını kiçilt

Suriyada yeni siyasi sistemə keçid üçün mühüm addım olaraq xarakterizə edilən Milli Dialoq Konfransı paytaxt Dəməşqdə 600-dən çox iştirakçı ilə başlayıb. Konfransda Suriyanın yeni idarəetmə sisteminin əsas prinsipləri ilə bağlı tövsiyələr hazırlanacaq.

Hafta.az-ın yazdığına görə, Suriya Türkmən Məclisi (STM) dəvət olunmadığı Milli Dialoq Konfransına reaksiya verib. STM-dən verilən açıqlamada, Məclisin inqilabın ilk günündən devrilmiş Əsəd rejiminə qarşı suriyalı qardaşlarının yanında olduğu, bu yolda şəhidlər verdiyi, böyük fədakarlıqlar etdiyi vurğulanıb.

Bəyanatda Suriya türkmənlərinin yeganə qanuni nümayəndəsi və siyasi çətiri olaraq Suriya xalqının inqilab illərində Əsəd rejiminə qarşı apardığı azadlıq mübarizəsini dəstəklədiyi, rejimin dağılmasından sonra da Dəməşqdə yeni siyasi idarəçiliyə dəstək verməyə davam etdikləri bildirilib.

Bəyanatda prezident Əhməd Şaranın rəhbərlik etdiyi yeni administrasiyanın ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində siyasi səylərini dəstəklədikləri xatırladılıb.

Bəyanatda qeyd olunub ki, gələcəyin Suriyasının qurulması məqsədilə həyata keçirilən milli barışıq səylərinə müsbət yanaşma var və Suriyanın bütün milli komponentlərinin dialoq konfransında iştirakı zəruridir. Bildirilib ki, siyasi institutların və komponentlərin xaric edilməsi ölkənin siyasi inkişafına mənfi təsir göstərəcək.

Açıqlamada Dəməşqdə rəhbərliklə keçirilən görüşlərdə STM-nin Milli Dialoq Konfransına qatılacağına dair verilən vədlərin türkmənlərin ölkə idarəçiliyində iştirakına dair ümidverici olduğu, onların konfransa dəvət edilməməsinin “təəccübləndiyi” ifadə edilib.

Suriyanın yeni administrasiyasına dəstəklərinin davam etdiyi vurğulanan bəyanatda bu ifadələr yer alıb: "Suriya Türkmən Məclisi olaraq, Suriyanın yeni rəhbərliyinin həyata keçirdiyi siyasi prosesi dəstəklədiyimizi vurğulayırıq. Bununla belə, Milli Dialoq Konfransı Hazırlıq Komitəsinin izlədiyi istisnaçı yanaşmanı və türkmənləri bu cür narahat edən Suriya komponentinə məhəl qoymamasını rədd edirik. Əgər konfransın nəticələri türkmənlərin gözləntilərini doğrultmasa və onların hüquqlarını təmin etməsə, biz özümüz onu qoruyacağımızı bildiririk”.

Bəyanatda bu vəziyyətin türkmən ictimaiyyətində böyük narahatlığa səbəb olduğu, konfransın nəticələrinin türkmənlərin gözləntilərini doğrultmadığı və hüquqlarını təmin etmədiyi təqdirdə bu nəticələrlə bağlı qeyd-şərtlərini davam etdirəcəkləri bildirilib.

Seçilən
44
hafta.az

1Mənbələr