Türkiyə Xocalı qətliamının 33-cü ildönümü ilə bağlı anım mesajı yayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən günahsız dinc əhaliyə qarşı törədilmiş qətliamı pisləyirik. Xocalıda qətl edilən 613 qardaşımızın, yaralananların, əsir və itkin düşmüş bütün azərbaycanlıların acısı hələ də ürəyimizdədir".
Bəyanatda Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət dilənib, Azərbaycan xalqına başsağlığı verilib.
Qeyd edək ki, Sovet İttifaqının dağılması ilə ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar və 1991-ci ilin son günlərində bölgədə yeganə strateji əhəmiyyətə malik olan və blokadada saxladıqları Xocalını ələ keçirmək üçün hərəkətə keçdilər.
Ermənilər aylarla davam edən hücumlarını 1992-ci il fevralın 25-də daha da gücləndirərək, o vaxt Xankəndində olan Sovet Rusiyası ordusunun 366-cı motoatıcı alayının köməyi ilə gecə saatlarında üç tərəfdən hücuma keçdilər.
Təkcə işğalla kifayətlənməyən ermənilər dinc əhaliyə divan tutmaqla, əsirlərə vəhşicəsinə işgəncə verməklə 20-ci əsrin ən qanlı qırğınlarından birini törətdilər. Həmin vaxt çəkilən görüntülər və fotoşəkillər qətliamın böyüklüyünü ortaya qoyur.
Əvvəllər 7 min insanın yaşadığı Xocalıda müdafiəsiz vəziyyətdə olan 613 Azərbaycan vətəndaşı, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq həyatını itirdi.
Qırğından 487 nəfər ağır yaralanaraq sağ qalıb, erməni silahlı birləşmələri 1275 nəfəri əsir götürüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.