AZ

Qətərdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir təşkil olunub

Qahirə, 26 fevral, AZƏRTAC

Azərbaycanın Qətərdəki səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə səfirliyin əməkdaşları və Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

AZƏRTAC Azərbaycanın Qətərdəki səfirliynə istinadla xəbər verir ki, tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Qətərdəki səfiri Adış Məmmədov 33 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla Xocalı soyqırımının törədildiyini, bir gecədə 613 nəfərin qətlə yetirildiyi bildirib. Səfir Xocalı qətliamının bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunduğunu və xalqımızın yaddaşında heç zaman silinməyəcəyini qeyd edib.

Səfir bildirib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamaları bu qətliamın Azərbaycan xalqına qarşı etnik zəmində nifrət siyasətinin nəticəsi olaraq həyata keçirildiyini bir daha nümayiş etdirib.

A.Məmmədov diqqətə çatdırıb ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilib və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunub.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə beynəlxalq müstəvidə “Xocalıya ədalət!” kampaniyasının aparılır. Vurğulanıb ki, dünyanın bir çox ölkələrinin, həmçinin ABŞ-ın onlarla ştatının parlamentlərində Xocalı soyqırımını ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi cinayət aktı kimi xarakterizə edən qətnamələr qəbul edilib.

Səfir qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə Qarabağ regionunda hərbi cinayətlər törətmiş erməni canilərinin bəziləri bu gün Bakıda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Vurğulayıb ki, Xocalı soyqırımına rəhbərlik etmiş Robert Koçaryanın, Serj Sarkisyanın da ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

A.Məmmədov deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümunələri göstərən ordumuz tərəfindən Xocalı faciəsi qurbanlarının qisası döyüş meydanında alınıb.

Daha sonra Qətərdə keçirilən “Web Sammit 2025”də iştirak edən ADA Universitetinin müəllimi, “Xsolla” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Fuad Kərimov çıxış edib və Xocalı soyqırımı ilə bağlı öz fikirlərini paylaşıb.

Tədbir iştirakçıları səfirliyin foyesində təşkil olunmuş Xocalı soyqırımı ilə bağlı fotostend, həmçinin soyqırımı haqqında faktlara əsaslanan ərəb və ingilis dilində kitabların sərgisi ilə tanış olublar.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
81
49
azertag.az

10Mənbələr