AZ

Xocalı soyqırımı qurbanlarının xatirəsi Sankt-Peterburqda anılıb

Sankt-Peterburq, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş konsulluqda Azərbaycaın dövlət bayrağı yarıya qədər endirilib və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Türkiyə Respublikasının baş konsulu Özgün Talu, Azərbaycan diasporunun nümayəndələri, Sankt-Peterburq şəhərində təhsil alan azərbaycanlı tələbələr, Baş konsulluğun əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyini bildirib. O, faciənin Ermənistanın uzun illər Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Diplomat Xocalı faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyini qeyd edib. O, bildirib ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 24 fevral 1994-cü il tarixli qərarla 26 fevralı Xocalı Soyqırımı Günü elan edib.

Azərbaycan xalqına qarşı törədilən soyqırımın beynəlxalq səviyyədə tanıdılması və faciə qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması barədə qərar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Türkiyənin Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu və Azərbaycan diasporunun nümayəndəsi Gündüz Əhmədov çıxış edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunan foto və kitab sərgiləri keçirilib, və “Xocalı nişanəsi” filmi nümayiş etdirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

Seçilən
58
49
azertag.az

10Mənbələr