AZ

Xocalı soyqırımı qurbanlarının xatirəsi Bolqarıstanda da anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 33-cu ildönümü ilə əlaqədar Bolqarıstanda silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanları, habelə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bolqarıstanın Baş müftülüyü tərəfindən Sofiya şəhərinin baş məscidində keçirilən mərasimdə yad edilib. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq moizələr oxunub və ehsan verilib.

Səfirlikdə keçirilən anım mərasimində isə Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, eləcə də yerli ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Xocalı soyqırımının tarixi, siyasi və hüquqi amilləri haqda ətraflı bəhs edib. Səfir Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinə verdiyi siyasi-hüquqi qiyməti xatırladaraq, məhz onun rəhbərliyi dövründə bu soyqırımın ilk dəfə beynəlxalq müstəviyə çıxarıldığını qeyd edib.

Hüseyn Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Xocalı daxil olmaqla Azərbaycanın bütün şəhərlərinin Ermənistanın işğalından azad edilməsi ilə haqqın və ədalətin bərqərar olunduğunu deyib.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bolqarıstan mediasında yayılan məlumatlarda isə Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin təzahürü olan Xocalı soyqırımın mahiyyəti ətraflı izah edilib. Bəşəriyyətin bu cür dəhşətli cinayətlərdən ibrət götürməsi, bundan nəticə çıxararaq gələcəkdə bu kimi faciələrin baş verməməsi məqsədilə cinayətkarların məsuliyyətə cəlb olunması və Xocalı soyqırımının tanınmasının vacibliyi diqqətə çatdırılıb.

Seçilən
108
49
azertag.az

10Mənbələr