Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib.
Publika.az xəbər verir ki, iştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.