AZ

Batma təhlükəsi ilə üzləşən ada vətəndaşlıq satır

Yazını böyüt
Yazını kiçilt

İqlim böhranı səbəbindən su altında qalma təhlükəsi ilə üzləşən Sakit okeandakı Nauru adası pul qarşılığında vətəndaşlıq verməyə başlayıb.

Hafta.az-ın yazdığına görə, cəmi 21 kvadratkilometr ərazisi ilə Vatikan və Monakodan sonra dünyanın üçüncü ən kiçik ölkəsi olan Nauru qızıl viza müraciətini açıqlayıb.

13 min əhalisi olan ölkənin lideri David Adinq, Nauru vətəndaşlarının gələcəyini təmin etmək üçün belə bir addım atdıqlarını bildirir: “Nauru üçün bu, təkcə iqlim dəyişikliyinə uyğunlaşmaq deyil, gələcək nəsillər üçün davamlı və firavan gələcəyi təmin etməkdir. Bu, yaşamaqdan daha çox şeydir: gələcək nəsillərin təhlükəsiz və dayanıqlı bir evə sahib olmasını təmin etməkdir. Qarşıdakı səyahətə hazırıq”.

İqtisadi və İqlim Dözümlülük Vətəndaşlıq Proqramı çərçivəsində 105 min dollara Nauru vətəndaşı olmaq mümkündür. “The Guardian” xəbər verir ki, bu pasport Böyük Britaniya, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və Honq Konq da daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı verəcək.

Avstraliyanın şimal-şərqində yerləşən ada ölkəsinin sakinləri suyun səviyyəsinin artması səbəbindən daha yüksək ərazilərə köçməli olurlar.

Qızıl pasport proqramının rəhbəri Edvard Klark deyir ki, ilk ildə təxminən 6 milyon dollar gəlir əldə etməyi hədəfləyirlər. Onun sözlərinə görə, gələcəkdə bu, 43 milyon dollara çata bilər.

Səlahiyyətlilər bildirirlər ki, ada əhalisinin 90 faizi daha yüksək yerə köçürülməlidir. Bu kütləvi köçürmənin birinci mərhələsinin ən azı 60 milyon dollardan çox xərclənəcəyi təxmin edilir.

Digər tərəfdən, Avstraliya Milli Universitetindən Henrietta MakNeill qızıl pasport tətbiqinin cinayət təşkilatları tərəfindən sui-istifadə edilə biləcəyinə diqqət çəkir. O bildirir ki, pulları yumağa cəhd edən və ya vizasız girişlərdən sui-istifadə edən insanlar bu proqramlardan faydalana bilərlər.

Bununla belə, Klark müraciətlərin ətraflı araşdırılacağını söyləyir və əlavə edir: “Bu proqram sadəcə yeni pasport almaq deyil, qlobal problemlərə qabaqcıl həll yollarına həsr olunmuş icmaya qoşulmaqdır”.

Avstraliya 2012-ci ildə Nauru hökumətinə sığınacaq axtaranları deportasiya etmək üçün adada həbsxana yaratmaq məqsədilə pul ödəyib. Lakin müəssisədə 14 nəfər dünyasını dəyişdikdən sonra insan hüquqlarının pozulması səbəbindən mərkəzə qarşı ən azı 6 iddia qaldırılıb. Avstraliya hökumətinin rəqəmlərinə görə, 2024-cü ilin avqust ayına kimi müəssisədə 87 nəfər saxlanılırdı.

Seçilən
51
hafta.az

1Mənbələr