Dünən Bakı Mühəndislik Universitetində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluq etdiyi məclisdə dövlət və hökumət rəsmiləri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, alimlər, media təmsilçiləri qayıdış hərəkatının uğurlarını və qarşıda duran hədəflərini geniş müzakirə etdilər. Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Vətən müharibəsi və Qarabağda keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin hazırkı dövrdə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın tarixi yurd yerlərimizə qayıdışını gündəmə gətirdiyini söylədi. O bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və iradəsi, Azərbaycan xalqının müdrikliyi və sülhsevərliyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının da uğurlu həllini təmin edəcək.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmini vurğuladı. Professor azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırdı.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli isə ictimai təşkilatın indiyədək gördüyü işlər barədə geniş məlumat verərək qeyd etdi ki, qayıdış məsələsi artıq ictimai şüurda möhkəmlənərək ümummilli bir ideyaya, bütün azərbaycanlıları səfərbər edən geniş hərəkata çevrilib. Tarixi torpaqlara qayıdış 38 ildən bəri məcburi köçkün həyatı yaşayan Qərbi azərbaycanlıların insanlıq haqqıdır.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademiklər Abel Məhərrəmov, Nizami Cəfərov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və professor İbrahim Bayramov, AMEA Tarix və etnologiya institutunun şöbə müdiri Cəbi Bəhramov tarixi Vətənə qayıdışla bağlı mükəmməl təşkilatlanma və geniş maarifləndirmə ilə bağlı mülahizə və təkliflərini söylədilər.
T.AYDINOĞLU
XQ