AZ

Pakistan Azərbaycanın ədalətli mövqeyini beynəlxalq səviyyədə hər zaman dəstəkləyib ŞƏRH

Bakı, 27 fevral, AZƏRTAC

Dünyanın yaxın və uzaq bir çox ölkələri ilə siyasi, iqtisadi və digər sahələr üzrə əlaqələrimiz var və qurmağa davam edirik. Amma çox az ölkələr var ki, bizi onlarla təkcə dövlət maraqları yox, həm də mənəvi, mədəni, tarixi və xalqların səmimi qardaşlıq bağları birləşdirir. Pakistan da bizim üçün həmin azsaylı ölkələrdəndir. Pakistanın adı gələndə biz arxa-dayaq, dost, dəstək düşünürük.

Pakistan müstəqilliyimizi Türkiyədən sonra tanıyan ikinci ölkədir və əlaqələrimiz elə həmin günlərdən də uğurla davam edir. Dünyada hər bir xalqın, dövlətin çətin günləri olub. Bizə qarşı da uzun müddət təzyiqlər olub, torpaqlarımız işğal edilib və biz dövlətimizin məhv edilə biləcəyi təhdidi ilə üz-üzə qalmışıq. Həmçinin əleyihimizə böyük kampaniyalar aparılıb, haqlı olduğumuz halda haqsız kimi təqdim edilmişik. Eyni tarixi paylaşdığımız və ya eyni dini dəyərləri daşıdığımız qonşumuz olan ölkələr məhv edilməyimizi səbirsizliklə gözləyiblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, daxili və xarici problemlərlə üzləşdiyimiz, dövlətimizin tam formalaşmadığı, iqtisadi, siyasi və hərbi imkanlarımızın zəif olduğu vaxtlarda qardaş Pakistan bizi müdafiə edən bir neçə ölkədən biri idi.

Məhz ilk dəfə 1993-cü il aprelin 30-da - Pakistanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi tarixdə ən yüksək səviyyədə Azərbaycan–Ermənistan münaqişəsinə dair qətnamə qəbul edildi və Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi faktı göstərilərək, pislənildi. Ermənistan torpaqlarımızı işğal etdiyinə görə Pakistan onunla diplomatik əlaqələr qurmayıb, hətta tanımaqdan imtina edib.

"Ötən 30 ilə yaxın bir vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Pakistanın dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə həmrəyliklərini bildiriblər. İşğal olunmuş torpaqlarımızın azad edilməsi əməliyyatlarında bir neçə ölkə Azərbaycanı açıq şəkildə dəstəkləyirdi. Bunların sırasında Pakistan da var idi. İkinci Qarabağ müharibəsi dövründə yadda qalan məqamlardan biri də küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, üçüncü ölkə olaraq Pakistan bayrağı da dalğalanırdı.

“Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir" - bu sözləri Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşərkən demişdi. Əlbəttə, xalq və dövlət olaraq biz bunları unutmamışıq və unuda bilmərik.

Pakistanın bu siyasəti məhz İslam həmrəyliyi, müsəlman qardaşlığı prinsiplərinə əsasən edilir. Pakistan nüvə silahına malik yeganə müsəlman dövlətidir. Eyni zamanda, İndoneziyadan sonra Pakistan ən böyük əhalisi olan ikinci müsəlman ölkəsidir. Pakistanın nüvə dövləti statusuna sahib olması, ilk növbədə, bizim üçün siyasi dəstəkdir. Eyni zamanda da Azərbaycana və Azərbaycanı dəstəkləyən Türkiyəyə təzyiq göstərmək istəyənləri cəhdlərindən çəkindirə biləcək bir amildir", - deyə Y.Hacızadə vurğulayıb.

Politoluqun sözlərinə görə, Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilib, ölkə rəhbərliyi qarşılıqlı səfərlər edib, 2015-ci ildə ölkələrimiz arasında Strateji əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Ölkələrimiz arasındakı münasibətlər ən pis günlərdə qurulub və bugünkü səviyyəyə gəlib çatıb. Bizim artıq Qarabağ, işğal problemimiz yoxdur. Regionda siyasi, iqtisadi və hərbi güc sahibiyik. Qlobal miqyaslı böyük layihələr həyata keçirən, quran, iştirak edən ölkəyik. Pakistandan ən müasir hərbi təyyarələr alırıq.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə son səfəri iki ölkə arasında münasibətlərin inkişafında və genişləndirlməsində mühüm rol oynayacaq. Hər iki ölkə əlaqələrinin yüksəldilməsində kifayət qədər siyasi iradəyə və iqtisadi imkanlara malikdir. Dövlətimizin başçısı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşdə bir daha bildirdi ki, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Bütün bunlar Azərbaycan–Pakistan münasibətlərinin yeni və sürətli inkişaf istiqamətinə keçəcəyini göstərir.

Seçilən
35
azertag.az

1Mənbələr