AZ

Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün yeni monitorinq və əlaqələndirmə mexanizmi tətbiq edilir

Bakı, 28 fevral, AZƏRTAC

Azərbaycanda məişət zorakılığının qarşısının alınması, zərərçəkən şəxslərin təhlükəsizliyinin təmin edilməsi və onların hüquqlarının bərpası sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yeni mexanizm yaradılıb. Bu dəyişiklik “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna edilən düzəlişlər çərçivəsində həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Komitədə yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə bildirib.

O diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2024-cü ildə qəbul edilmiş qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. Bu çərçivədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində və bütün yerli icra hakimiyyəti orqanlarında tərkibi ən azı 9 nəfərdən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılıb.

“Yeni mexanizm məişət zorakılığı ilə mübarizədə dövlət qurumlarının koordinasiyasını gücləndirməklə yanaşı, cavab tədbirlərinin effektiv monitorinqini həyata keçirməyə imkan verəcək. Bu addım məişət zorakılığı ilə mübarizə sahəsində hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm yenilik hesab edilir”, - deyə Bahar Muradova əlavə edib.

Seçilən
55
azertag.az

1Mənbələr