AZ

Niyazi Mehdinin bu sözü məclisdəki gərginliyi azaltdı – Maraqlı xatirə 

  Biz ona daha çox “professor” deyə müraciət edərdik. Partiyada bu xitab tez-tez işlənirdi. Müsavat Partiyasında o vaxtlar onlarla professor, elmlər doktoru təmsil olunurdu. Bir dəfə məşhur müsavatçılardan biri dedi ki, vaxt vardı, İsa bəy Divanın iclasında “professor” deyəndə, ən azı 5-6 adam bir-birinə baxırdı ki, görəsən, hansımızın adını çəkəcək.

Niyazi Mehdi mənim xatirimdə işıqlı insan kimi qalıb. Bəlkə də 20 il idi onunla görüşmürdük. Arada telefonla danışmışdıq. Bu da o qədər uzaq illərdə baş verib ki, ayrıntıları unutmuşam.

Müsavat Partiyasının “Sahil” metrostansiyasının yaxınlığındakı qərargahında 2-ci mərtəbədə, 206-cı otaqda otururdu. Konseptual məsələlər üzrə başqan müavini idi. Qəzetdə onun bir rubrikası var idi: “206-cı otaqdan soraqlar”. Bu rubrikada ölkənin elm və fikir adamları ilə apardığı müzakirələri dərc etdirərdi. O vaxt Ayaz “Çeşmə” qəzetində zarafat eləmişdi Niyazi bəylə: “206-cı otaqdan soraqlar: bu otaqdan arada qəribə səslər eşidilir…”. Zarafat çox xoşuna gəlmişdi. Özü də yüksək yumora sahib biri idi.

1997-ci ilin aprel ayında Tofiq Hüseynovun (Qara Tofiq) 45 illik yubileyində maraqlı heyət yığışmışdı. Niyazi Mehdi də qonaqlar arasında idi. Zarafat, mübahisə, fikir dartışması ilə müşayiət olunan məclis idi. Arif Hacılı ilə Vurğun Əyyub bir-birinə söz atırdılar. Bu sözatmalar getdikcə gərginlik yaradırdı. Çox içmişdilər, gərginliyin yaranmasında əsas amil bu idi. İsa Qəmbər ortamı yumşaltmaq üçün Niyazi Mehdi tərəfə baxıb incə yumorla dedi: “Görürəm professor yetişib, bəlkə sözü ona verək?” Niyazi Mehdi replika verdi: “Professor yetişməyib, professor lalıxlayıb”. Qəhqəhə otağı başına götürdü. Həm gərginlik azaldı, həm də deyəsən, həmkarlarının yaratdığı gərginliyə bu şəkildə etiraz bildirdi.

Niyazi Mehdi kübarlığı ilə seçilirdi. Yazılarında, rəftarında, çıxışlarında ölçünü və sərhədi dəqiqliklə qoruyurdu. Hətta kəskin ideoloji polemikalarda etik qaydalara riayət edirdi. 1993-98-ci illərdə Müsavat Partiyasında başlayan və bütün Azərbaycanın diqqətlə izlədiyi “millətçilik-liberalizm” ideoloji mübahisələrində həm ortaya maraqlı yanaşma qoyurdu, həm də heç kimin “qırmızı xətt”ini keçmirdi. Müsavat millətçilərini professor Nəsib Nəsibli, liberalları isə Hikmət Hacızadə və Niyazi Mehdi təmsil edirdi. O vaxt bu diskussiyalar partiya daxilində gərginlik yaratsa da, Azərbaycan ictimai fikrinə böyük fayda verdi. Təsəvvür edin, Azərbaycanın iki nəhəng elm, fikir adamı Nəsib bəylə Niyazi bəy partaiya üçün hansı ideoloji konsepsiyanın lazım olduğu haqda polemika aparırdılar. Mətbuatda bu mövzuda məqalələr dərc edilirdi, müsahibələr alınırdı.

2005-2010 aralığında ondan bir neçə dəfə müsahibə götürdük. Dövrün mahiyyətini, proseslərin dinamikasını, məntiqini o qədər maraqlı və dərin təhlil edirdi, insanın düşüncəsində şimşək çaxırdı sanki.

Bu gün dünyadan köçdü Niyazi bəy. Tanrı ruhunu şad etsin. Xatirəniz əzizdir, dəyərli professor.


Seçilən
106
referans.az

1Mənbələr