AZ

İdrak olunmayan ibadətdən insana fayda yoxdur - ilahiyyatçı alimlə MÜSAHİBƏ

Bütün kainat dünyaya, dünya da insana xidmət edir. Allah kainatı elə yaradıb ki, bu dünyadakı həyatın canlılığını qorusun

Bakı, 28 fevral, Gözəl Ağayeva, AZƏRTAC

Allahın Yer üzündəki bəndələrinə böyük lütfü olan Ramazan ayı tezliklə öz şəfaqətini insanlara yenidən bəxş edəcək. Bu ayın oruc ibadəti insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edir, onları imana yaxınlaşdırır. Oruc tutmaq insanın haramlardan qorunması üçün bir imtahandır, onun iradəsini gücləndirir, onu daha da səbirli edir. Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov AZƏRTAC-a müsahibəsində oruc tutmağın mahiyyətindən danışıb, bununla bağlı sualları cavablandırıb.

-Əhməd müəllim, bir ilahiyyatçı alim kimi, oruc tutmağın mahiyyəti barədə məlumat verərdiniz.

-İslam bir düşüncə dini olmaqla yanaşı, ibadətləri və əxlaqi sistemi ehtiva edir. İslam həm də Allah ilə insan arasında ünsiyyəti tənzimləyən bir dindir. Təbii ki, ibadətlər növbələrə ayrılır və oruc tutmaq da əsas ibadətlərdən biridir. Oruc tutmaq haqqında müqəddəs Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.

Bu ayədə iki məqam var. Birincisi, biz buradan öyrənirik ki, oruc tutmaq bizim Peyğəmbərimizdən (s) əvvəlki peyğəmbərlərin dövründə də mövcud olmuşdur. İkinci məsələ isə oruc tutmağın vacibliyidir. Eyni zamanda, oruc tutmaq son din olan İslamda mükəmməl bir formada bizə çatdırılmışdır. Oruc ibadəti hər şeydən əvvəl bir əmrdir. Əslində ibadətlərin əmr mahiyyəti var. Bu ibadətlər Allah ilə insan arasındakı ünsiyyət üçün gərəklidir. İnsanla Allah arasındakı ünsiyyəti təmin etmək baxımından bu bir əmrdir və Tanrının əmri kimi yerinə yetirilir. Oruc tutmaq həm də sosioloji, psixoloji, sağlamlıq baxımından, eyni zamanda, əxlaqi kamillik aşılayan bir ibadət növüdür.

-Oruc tutan insan nələrə əməl etməlidir?

-Oruc tutan insan səhərdən axşama qədər, yəni imsakdan iftara qədər heç nə yemədən, içmədən, həm də məhrəm ailəvi münasibətdən uzaq qalmaqla bu ibadəti yerinə yetirir. Deməli, burada müəyyən şərtlərə əməl edilir. Fikrimi bir hədislə ifadə edim: Peyğəmbərimiz (s) deyir ki, oruclu bir insan yalanı tərk etməzsə, yalanla iş tutmağı kənara qoymazsa, ona tövbəkar olmazsa, onun axşama qədər ac qalmasına ehtiyac yoxdur. Peyğəmbərin dediyi orucu necə tutmaq lazımdır? Oruc bir məktəbdir. Oruc insana həm də kamillik qazandırır. Bir ay müddətində insan bu ibadətin bütün cəhətlərinə fikir verir. Yəni bir ayda insan yalandan, qeybətdən uzaq durmalı, kiməsə zülm etməməli, kiminsə haqqına girməməli, qeyri-əxlaqi davranışa yol verməməlidir ki, onun orucu qəbul olunsun. Beləliklə, bu bir mənəvi reabilitasiya xarakterli ibadətdir. İnsan bir ay ərzində bütün bunlara riayət etdikdən sonra o gözəl keyfiyyətlərə alışır, yəni yalan, qeybət, başqasının haqqına girmək, zülm etmək, qəlb sındırmaq, könül incitmək, kobud davranış kimi pis xüsusiyyətlərin, eləcə də pis vərdişlərin geri qayıtmamasına çalışır ki, tutduğu orucu bada getməsin. Buna vərdiş etdiyi halda deyirik ki, oruc ibadəti insana yaxşı keyfiyyətlər qazandırır. Beləliklə, oruc tutmaq, şəxsi keyfiyyətləri kamilləşdirən, həyatı gözəlləşdirən, səbirli olmağı öyrədən, həmçinin, insanın acların halını başa düşməsi üçün bir vasitədir. Ramazan ayı insana əlindəki imkanları ehtiyacı olanlarla paylaşma duyğularını öyrədir, ona idrak aşılayır. Bu idrak nədən ibarətdir? Allah bəzi insanlara qabiliyyət vermişdir. Bu qabiliyyət sayəsində bir insanın qazancı digərindən çox ola bilər. Ona görə Allah qazancı çox olanlara əlindəkinin ehtiyacından artıq olan hissəsini ehtiyacı olan insanlarla sırf oruc ibadətinin qəbul edilməsi və savabının çox olması baxımından paylaşma duyğularını aşılayan bir ibadətdir.

-Orucun həm də sağlamlıq üçün faydalı olduğu söylənilir...

-Əlbəttə ki, insan oruc tutmağı sağlam bir bədən ilə yerinə yetirməlidir. Eyni zamanda, Peyğəmbərimiz (s) deyib ki, oruc tutun, sağlamlıq tapın. Oruc tutmağın tibbi cəhətdən çox böyük faydası var. Alimlərin tibbi məqalələrində də yazılır ki, oruc tutularkən insan orqanizmindəki toksinlər ayrılır. Bütün bədən beyindən idarə edilir. Yəni sübh çağında beyin bütün bədənə əmr edir ki, axşama qədər heç bir qida gəlməyəcək. Ona görə bədən özünü o aclığa fokuslayır və hər bir orqan o oruc əsnasında dincəlir. Adi halda ac qalan ilə oruc tutaraq ac qalan insanın orqanizmi eyni durumda olmur. Adi ac qalan insanın orqanları qida gələcəyini gözləməklə fəaliyyətini davam etdirir. Lakin oruc tutan insanda bu bir niyyətlə edildiyi üçün səhərdən axşamadək bütün orqanlar xəbərdardır ki, hər hansı qida gəlməyəcək. Yəni orqanizm həmin niyyətə fokuslanır və o sağlamlığı əldə edir. Beləliklə, hədisdə deyildiyi kimi, oruc tutan sağlamlıq tapar.

-Yeri gəlmişkən, Ramazanda niyyət etmək barədə məlumat verərdiniz. Niyyət bir ay üçün edilməlidir, yoxsa hər gün üçün ayrıca?

-Hədisdə deyilir ki, əməllər niyyətlərə görədir. Biz də ibadətləri, istər namaz olsun, istər sədəqə, yaxud oruc olsun – bir niyyətlə yerinə yetiririk. Oruc bir ay davam edən ibadət növüdür; yəni Hicri-qəməri təqvimi ilə doqquzuncu ayın tamamını biz həmin ibadətlə keçiririk. Alimlərin əksəriyyətinin fikrincə, müsəlmanın hər gün üçün axşamdan niyyət etməsi lazımdır, şərtdir. Düzdür, bir ayın tamamını da niyyət etmiş olar. Hətta bir adam obaşdandan yemək üçün duranda onun özü də bir niyyətdir. Sözlə deməsə belə, bu da bir niyyətdir. Din alimləri deyirlər ki, arada bir günün orucunun pozulması digər günlərin orucunun pozulması demək deyil.

Beləliklə, müsəlman Ramazan ayından bir gün əvvəl axşam, hətta imsak vaxtına qədər Ramazan orucuna niyyət etməlidir. Hətta bəzi yanaşmalara görə, tezdən dura bilməyibsə, günortaya qədər də yemədən-içmədən niyyət edə bilər. Ancaq biz adət etməliyik ki, hər sabahkı günün orucuna əvvəlki gün iftar açarkən niyyət edək. Bizim belə bir iftar duamız var: “Ey Allahım, sənə inandım, sənə güvəndim, sənə təvəkkül etdim. Sənin rizan üçün orucu açdım. Sabahkı oruc üçün də niyyət etdim”, – bunu deməklə sonrakı günə də niyyət etmiş olarıq. Bu baxımdan biz hər günə niyyət etmiş sayılarıq. Ona görə də Ramazan orucunda hər gün üçün ayrılıqda niyyət etmək daha fəzilətlidir.

-İnsan Ramazan ayında oruc tutmayıb, yalnız fidyə çıxara bilərmi?

-Fidyə əslində iki səbəbə görə çıxarılır və bunların xaricində çıxarılmır. Birincisi, müalicəsi olmayan xəstəliklər halında. İkincisi, yaşlılıq səbəbindən taqətsizlikdir. Belə insanların orqanizminin durumu Ramazandan sonra da oruc tutmaq halında deyil. Əgər belə hallar yoxdursa, insan Ramazan ayında oruc ibadətini mütləq yerinə yetirməlidir.

Əlbəttə ki, qadınlar xüsusi hallarda oruc tutmamalıdır. Bəzi müəyyən xəstəliklər zamanı və həmçinin südəmər uşağı olan analar Ramazan ayında oruc tutmaya bilərlərlər. Belə halda onlar Ramazandan sonra həmin günlərin orucunu günə-gün tutmalıdırlar. Məsələn, deyək ki, 1-ci tip şəkərli diabeti olan insanlar və ya tipindən asılı olmayaraq insulin vuranlar fidyə verib oruc tutmayacaqlar. 2-ci tip şəkərli diabeti (dərman içənlər) olanlar isə həkimlər icazə verdikləri təqdirdə oruc tutacaqlar.

-Xanımların makiyajı bu ibadəti etməyə mane olurmu?

-Əvvəlcə dediyim kimi, oruc tutmaq səhərdən axşama qədər yeməmək-içməmək və ər-arvad arasında cismani münasibətdə olmamaq şərtilə yerinə yetirilən bir ibadətdir. Eyni zamanda, elə peraparatlar (xüsusilə dərmanlar) var ki, bədəni xaricdən də qidalandıra bilər. Lakin makiyajın oruc tutmağa maneəsi yoxdur. Makiyajın edilməməsi dəstəmazla, qüsllə bağlıdır.

-Məzhəblərə mənsub insanların oruc tutmaları fərqlidirmi?

-İslam dinində bütün məzhəblərin ibadətləri struktur olaraq eynidir. Məsələn, bütün məzhəblərə görə Ramazan ayı ya 29, ya da 30 gün olub, imsak və iftar da eynidir. Lakin təfərrüatda müəyyən fərqlilik var. Eyni zamanda, bu fərqlilik ibadətə mane olmur. Məsələn, bir məzhəbə görə imsak vaxtına qüslsüz girilməməlidir. Ancaq elə məzhəb var ki, qüslsüz də oruca başlayır. Gecədən qüslünü təmin etməyən oruclu ikən də qüslünü ala bilər. Bütün bunlar ibadətdə müsəlmanlar üçün problem doğurmur.

-İnsan oruc tutur, niyyət edir, amma sabahısı yuxudan gec ayılır, onun orucu pozulmuş sayılır?

-Xeyir, pozulmuş sayılmır. Oyandığı vaxt ibadətinə davam edə bilər.

-İmsak vaxtına keçsə də?

-Deməli, yanaşmaların əksəriyyətinə görə, həmin hal niyyətə, oruca mane olmur. Ancaq bir yanaşma da var ki, qüsllü olmağa çalışmaq lazımdır. Həmin kəs oyandığı vaxt dərhal qüslünü alaraq, - imsak girmiş olsa belə, - oruc tutmağına davam edə bilər.

-Elə insan var ki, əyləncələrə daha çox meyillidir. Lakin qərara alıb ki, oruc tutsun. Bir neçə gün oruc tutur, iradəsi çatmır və bunu dayandırır...

-Burada iki məsələ var. Birincisi, niyyətlə başladığı orucu insan günün günorta çağı iradəsizlik səbəbindən pozarsa, onun, necə deyərlər, bir cəzası var. Başlanmış bir oruc ibadətini günün hər hansı hissəsində qəsdən pozan insan iki ay ardıcıl oruc tutmalıdır. Buna kəffarə deyilir. Ancaq ikinci məsələ var ki, oruc kəlmeyi-şəhadət gətirib müsəlmanam deyən insan üçün vacib bir ibadətdir. Çox adam var ki, müsəlmanam deyir, amma Ramazanda oruc tutmur. Bu, onun boynunda bir borc olaraq qalır. Namaz da insan qılmadığı zaman onun borcu olaraq qalır. Bu borc haradan yaranır? Bütün kainat dünyaya, dünya da insana xidmət edir. Allah kainatı elə yaratmışdır ki, bu dünyadakı həyatın canlılığını qorusun. Niyə? İnsan yaşaya bilsin. Ehtiyacımız olan bütün nemətləri Allah bizim üçün yaratmışdır. Bu ibadətlər o nemətlərə görə bir təşəkkürdür. Ona görə bu ibadət onu heç yerinə yetirməyənin borcu olaraq qalır. Başlayıb sonradan qəsdən pozanın isə kəffarə ödəməsi lazımdır.

-İnsan bilmədən orucunu pozarsa necə?

-Əgər oruclu bir insan bunu unudaraq nə qədər yeyib-içərsə, o anda orucu pozulmaz. Yadına düşdüyü an hökm belədir ki, ağzındakı loxmanı çıxarmalı, amma oruca davam etməli, axşam da iftarını açmalıdır.

-Səfərdə olanların oruc tutması barədə yanaşmalar necədir?

-Burada iki yanaşma var. Bir yanaşmaya görə, səfərə gedən oruc tuta da bilər, tutmaya da bilər. Digər yanaşmaya görə isə səfərə gedən oruc tutmamalıdır.

- Siz daha əvvəl dediniz ki, oruc tutmaq əvvəlki peyğəmbərlərə də vəhy edilib. Digər dinlərdə də bu ibadət varmı?

-Hazırda xristianlıq dinində də, yəhudilikdə də bu ibadətin müəyyən forması var. Onlar da ilin müəyyən vaxtlarında bunu yerinə yetirirlər. Bəzilərinə görə, ayda üç gün, bəzilərinə görə bütün ay ərzində. Ancaq bu, müsəlmanlardakı kimi yeməmək, içməmək və ailədə cismani münasibətdən uzaq durmaq şəklində deyil. Onlar müəyyən pəhriz saxlamaq şəklində bu ibadəti yerinə yetirirlər. Məsələn, bəzi xristian məzhəblərində bu, ət və ət məhsullarından imtina etməklə yerinə yetirilir. Bu ibadət müxtəlif formalarda dinlərin böyük əksəriyyətində var. Lakin İslamda mükəmməl forması və bütün təfərrüatı ilə aydınlaşdırılıb.

-Qarşıdan gələn Ramazan ayında insanlara nə tövsiyə edərdiniz?

-Ramazan bütünləşdirici bir aydır, hətta deyərdim ki, oruc ibadəti ilə insanın bütün idrakının dəyişdiyi bir aydır. Davranış və ünsiyyətdə insanın ilahi dəyərlərə büründüyü bir aydır. İdrakı olunmayan ibadətdən insana fayda yoxdur. Tövsiyə edərdim ki, oruc insanı tutsun, insan orucu yox. Bunun mənası var. Keçmişdə, xüsusən orta əsrlərdə bizdə irfan ədəbiyyatı güclü olmuşdur. İrfan sahiblərinin Ramazan ayında belə bir düşüncə və davranışları olmuşdur: Ramazan ayının sonunda əgər yeni nəsə əldə edə bilməmişsə, əvvəlki həyatına nisbətən daha mükəmməl olmamışsa, Ramazanı idrak etməmişsə, deməli, Allah qatında qüsurlu hesab edilib, yəni Ramazan onu tutmayıb. Bütün ibadətlər üçün dediyimiz bu cümləni oruc ayı üçün də deyək: İdrakı olmayan ibadətin savabı olmaz. Gəlin oruc ibadətini idrak ilə yerinə yetirək və bu, həyatımıza anlam, məna qazandırsın, məşhur misrada deyildiyi kimi:

Bu adəm dedikləri əl-ayaqla baş deyil,

Adəm mənaya deyirlər, surət ilə qaş deyil.

Oruc mənadır, ibadətdir. İdrak etdiyimiz zaman biz o mənanı qazanmış oluruq, adəm olmuş oluruq.

 

Seçilən
35
azertag.az

1Mənbələr