Xəbər verdiymiz kimi, sabahdan Azərbaycanda Ramazan ayı başlayır.
Ramazan ayında doğru qidalanmaq orucun sağlamlıq üzərindəki təsirini minimuma endirmək və enerji səviyyələrini qorumaq üçün çox önəmlidir.
Bəs Ramazanda sağlam və düzgün qidalanmaq üçün nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı qida eksperti Asim Vəli Operativ Media-ya açıqlama verib.
Ekspert bildirib ki, Ramazan ayında oruc tutan insanlar üçün düzgün və sağlam qidalanma olduqca vacibdir:
"Oruc zamanı orqanizm uzun saatlar ərzində susuz və qidasız qaldığı üçün iftar və sahurda qəbul edilən qidalar xüsusi önəm daşıyır.
Sahurda elə qidalar seçilməlidir ki, onlar gün boyu enerjini qoruyub saxlasın və aclıq hissini minimuma endirsin. Bunun üçün əsasən protein, lif və sağlam yağlarla zəngin qidalar qəbul edilməlidir. Yumurta, az duzlu pendir, qatıq, kəsmik və paxlalılar (noxud, mərci, lobya) orqanizmə uzun müddət enerji verir və toxluq hissini artırır.
Yulaf, kəpəkli çörək, qəhvəyi düyü və bulqur kimi qidalar yavaş həzm olunur və enerjini gün boyu tədricən azaldaraq təmin edir.
Avokado, zeytun yağı, çərəzlər (badam, qoz, fındıq) və kətan toxumu həzm prosesini ləngidir və toxluq hissini uzadır. Xiyar, pomidor, ispanaq, kahı, alma və banan həm su tərkibli, həm də lif baxımından zəngindir, bu da aclıq hissini gecikdirir. Orqanizmin susuz qalmaması üçün sahur zamanı ən azı 2-3 stəkan su içilməlidir.
Oruc açdıqdan sonra orqanizmə lazım olan qidaları tədricən qəbul etmək vacibdir. Xurma, su və ya ilıq bir şorba ilə başlamaq mədəni yormadan həzmi asanlaşdırır. Qırmızı və ya ağ ət (toyuq, balıq, mal əti), paxlalılar və tərəvəzlər mədənin həzmini tənzimləyir. Yeməkləri çox yağlı etmədən, əsasən zeytun yağı və ya təbii yağlar seçilməlidir.
Ramazan süfrələrində tez-tez rast gəlinən şəkərli və qızardılmış yeməklər həzm sisteminə zərər vura bilir.
Bəzi qidalar orucluq zamanı orqanizm üçün zərərlidir və onlardan uzaq durmaq tövsiyə edirik.
Şəkərli və qazlı içkilər qan şəkərini sürətlə artırıb-endirir, bu da tez acmağa səbəb olur. Ağ un və rafinə olunmuş məhsullar olan ağ çörək, makaron və düyü kimi qidalar tez həzm olunur və aclıq hissini sürətlə qaytarır.
Turşular, şor, hisə verilmiş məhsullar gün ərzində susuzluq hissini artırır. Qızardılmış və yağlı yeməklər mədəyə ağırlıq verə bilir. Ramazan ayında düzgün qidalanmaq insanın sağlamlığını qoruyur və gün boyu enerjili qalmasını təmin edir. Sahurda protein, kompleks karbohidratlar və sağlam yağlardan ibarət yeməklər yeyilməli, iftarda isə balanslı və yüngül yeməklərlə başlanmalıdır. Əmin olun ki, şəkərli, duzlu və yağlı qidalardan uzaq durmaq daha sağlam və rahat bir Ramazan keçirməyə kömək edəcək. Allah tutduğunuz orucları qəbul etsin".