AZ

“İçərişəhər” Qoruğunun işçiləri, arxeoloqlar və turizm bələdçiləri bir araya gəldilər

Bakı, 28 fevral, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Bələdçilər Günü və Arxeoloji muzeydə bələdçilik mövzusunda tədbir keçirib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbir “İçərişəhər” Muzey Mərkəzi ilə Arxeologiya və Antropologiya İnstitutunun birgə Muzey Sərgi Zalını təqdim etmək, bələdçilər üçün infotur və elmi müzakirələr təşkil etmək məqsədi daşıyıb.

Arxeologiya və Antropologiya İnstitutunun könüllü təcrübə proqramına həsr olunmuş tədbirdə elmi katib dosent Ellada Bəkirova bələdçilərin, elm və mədəniyyət sahəsinin mütəxəssislərinin bir araya gəlməsinin vacibliyini qeyd edib. Sonra elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov müasir elmin tələblərinə uyğun olaraq arxeoloji tədqiqatların ictimailəşməsinin önəminə diqqət çəkib.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Yəhya Bayramov çıxışında bələdçilərin abidələr haqqında məlumatlılığının artırılması, abidələrin tədqiqi və onlar haqqında məlumatın bələdçilərə ötürülməsi, “İçərişəhər” Muzey Mərkəzinin şöbə müdiri müavini Pərvin Niftəliyeva isə bələdçilərlə dinamik əməkdaşlığın vacibliyini qeyd ediblər.

Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı və proqram üzrə koordinatoru Günel Vəliyeva könüllülərin proqrama cəlb olunması və bu təşəbbüsün muzey işinin təşkilində, gənclərin elmə marağının artırılmasında rolundan söz açıb.

İnstitutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov “Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan arxeoloji qazıntılar haqda ilkin məlumat” mövzusunda təqdimatla çıxış edib. Vizual elektron təqdimatla müşayiət olunan çıxışında P.Qasımov işğaldan azad olunmuş ərazilərdə institut tərəfindən 3 ildə aparılan arxeoloji qazıntılardan söz açıb. O bildirib ki, abidələr tədqiq edildikcə ziyarətçilərin üzünə açıq olacaq. Bu isə daxili və xarici turizmin inkişafına böyük imkanlar yaradacaq.

İnstitutun professoru Hidayət Cəfərov Sərgi Zalının tarixi haqda məlumat verib.

Elmi Fond və Ekspozisiya şöbəsinin müdiri vəzifəsini icra edən Orxan Zamanov Muzey Sərgi Zalında elan olunmuş “Könüllü təcrübəsi” üzrə bələdçilik kursu və könüllülük təcrübəsi proqramı haqqında danışıb.

Tədbirin sonunda Muzey Sərgi Zalının təqdimatı keçirilib və yenilənmiş ekskursiya mətni əsasında infotur təşkil edilib.

 

Seçilən
41
azertag.az

1Mənbələr