Son 10 il ərzində ölkə ərazisində yenidoğulmuş körpələrin sayında kəskin azalma müşahidə olunur.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, son 10 il ərzində Azərbaycanda doğulan ümumi körpələrin sayında 60 000 nəfərə kimi azalma olub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2023-cü ildə ölkə ərazisində 112 620 körpə dünyaya gəlsə də 2024-cü ildə bu say 102 310 nəfər olub.
Nəzərə alsaq ki, 2014 cü ildə doğulan körpələrin sayı 170 000 nəfər olub, hazırki statistik məlumatlara əsasən doğumun kəskin azaldığını müşahidə eləmək olar.
Əhali arasında keçirilən sorğu zamanı məlum olub ki, onların fikrincə bunun əsas səbəbi sosial-iqtisadi vəziyyətdir. Onların sözlərinə görə, əgər əvvəlki dövrlərdə əksər evlərdə çoxuşaqlılıq olsa da, hazırkı dövrdə ailələrdə 1-2 uşaq, bəzən isə 3 uşaq olur.
Qeyd edək ki, əvvəlki dövrlərə əsasən bölgələrdəki çoxuşaqlılıq hazırkı dövrdə davam etmir. Yəni tək, şəhərlərdə deyil, bölgələrdə də yeni doğulan uşaq saylarında ciddi azalmalar mövcuddur.
Professor Zahid Məmmədov mövzu ilə bağlı bildirib ki, yenidoğulmuşların sayının bu qədər kəskin azalması demoqrafik strukturun pozulmasına səbəb ola bilər:
“Belə ki, əgər ailələr üçün yeni imkanların yaradılması, dövlət ipotekası ilə təmin olunması və s. kimi köməklik olunarsa bu ailədə uşaq artımına da dəstək ola bilər”.
Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə ölkə əhalisinin sayı 10 180 080 nəfər olub. Onun sözlərinə görə, yenidoğulan körpələrin sayının bu qədər azalmasının səbəbi isə nikahların azalması və boşanmaların çoxalmasıdır.
Müəllif: Türkan_zadə