AZ

Öcalanın terrorçulara çağırışına dünyadan REAKSİYALAR

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa və özünü buraxmağa çağırıb. Öcalan bu çağırışının tarixi məsuliyyətini üzərinə götürdüyünü vurğulayıb.

Məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının bu məsələyə münasibətinin müsbət olduğu bildirilib. Öcalan PKK-nın qurultay keçirərək dövlət və cəmiyyətlə inteqrasiya üçün qərar qəbul etməsinin vacibliyini qeyd edib.

Modern.az xəbər verir ki, çağırış yalnız Türkiyə daxilində deyil, bir çox ölkədə də geniş əks-səda doğurub.

Ağ Evinin rəsmiləri bu çağırışı müsbət qiymətləndirib, bölgədə sabitliyə töhfə verə biləcəyini bildiriblər. "Reuters"in məlumatına görə, ABŞ rəsmiləri bu addımın Suriya və İraqdakı qüvvələrə də təsir edəcəyini düşünürlər. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Briyan Hyuiz bu çağırışı "vacib inkişaf" adlandırıb: "Bu addımın Türkiyənin ABŞ-ın Suriyanın şimal-şərqindəki IŞİD-ə qarşı müttəfiqləri ilə bağlı narahatlıqlarını azaldacağına ümid edirik".

PKK-nın Suriyadakı qanadı olan Suriya Demokratik Qüvvələrinin (SDG) komandanı Mazlum Kobani də açıqlama verib. O, PKK-nın bu addımının bölgəyə təsir edə biləcəyini, lakin SDG-nin bunun bir hissəsi olmadığını iddia edib. PYD və YPG-nin rəsmiləri isə problemin müzakirə yolu ilə həll edilməsinə üstünlük verdiklərini qeyd ediblər.

Terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslim də reaksiya verib. Müslim Öcalanın çağırışını dəstəkləyib. "Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.

İraq Xarici İşlər Nazirliyi bu çağırışı "bölgədə sabitlik üçün müsbət və mühüm bir addım" olaraq dəyərləndirib. İraq Kürdistanı Regional Hökumətinin prezidenti Nəcirvan Barzani sosial şəbəkə hesabında paylaşdığı mesajda barış prosesini "tamamilə dəstəklədiklərini" ifadə edib və "prosesin irəliləməsi üçün vasitəçilik  etməyə və hər cür dəstəyi verməyə hazır olduqlarını" bildirib.

BMT Baş katibi Antoniu Quterreş Öcalanın 40 ildən artıq davam edən münaqişənin həlli üçün etdiyi yeni müraciətini alqışlayır. Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib. O qeyd edib ki, BMT vəziyyəti yaxından izləyir: “Bu, son dərəcə vacib xəbərdir. Növbəti addımlar barədə daha ətraflı məlumat əldə etməyə çalışırıq. Bu məsələ bizim üçün olduqca önəmlidir. Söhbət uzun illərdir davam edən və çoxsaylı insan ölümü ilə nəticələnən münaqişədən gedir. Müraciət müəyyən mənada ümid yaradır. Baş katib prosesdə iştirak edən bütün tərəflərlə işləməyə həmişə hazırdır”.

İngiltərə Xarici İşlər Nazirliyi də bütün tərəfləri "təhlükəsizlik, sabitlik və hüququn üstünlüyünə hörmət edən sülhpərvər və inkişafa açıq bir prosesi dəstəkləməyə" çağırıb. 

 Almaniya Xarici İşlər Nazirliyi isə Öcalanın təşkilatın ləğvi ilə bağlı çağırışını “tarixi fürsət” kimi qiymətləndirib və hadisələrin Türkiyə üçün “önəmli bir addım olacağını” vurğulayıb.

Seçilən
65
1
modern.az

2Mənbələr