AZ

İşə gecikəndə cəza, əlavə işləyəndə mükafat yox - Nə dərəcədə ədalətlidir?

Müasir iş mühitində vaxtın düzgün idarə olunması həm işəgötürənlər, həm də işçilər üçün böyük əhəmiyyət kəsb edir. 

Lakin bəzi şirkətlər bu məsələyə ikili standartlarla yanaşırlar: işçilərin cüzi – hətta 1 dəqiqəlik gecikməsini töhmətlə cəzalandırdıqları halda, onların işdən sonra əlavə saatlarla işləməsini görməzlikdən gəlirlər. 

Buna yanaşmanız necədir?

Valyuta.az-a açıqlamasında biznes tərəfdaşlıq bölmə müdiri və insan resursları üzrə mütəxəssis Məhəmməd Məmmədov bildirdi ki, bir işçi vaxtında gəlməsə belə, əlavə çalışdığı saatlar nəzərə alınmırsa, bu, onun motivasiyasını azalda bilər:

“İşçinin əməyi düzgün qiymətləndirilmədikdə və iş yükü ədalətsiz bölüşdürüldükdə, iş yerindən narazılıq yaranır. Şirkətlər belə qeyri-bərabər yanaşmalardan çəkinməli və işçilərin əlavə iş saatlarına da ədalətli münasibət göstərməlidirlər”.

M.Məmmədovun sözlərinə görə, bəzən gecikmələrə görə sərt cəza tədbirləri qısa müddətdə intizamı artıra bilər:

“Lakin bu, işçilərin üzərində təzyiq və stres yaradır, uzunmüddətli perspektivdə isə onların işə bağlılığını azaldır. Digər tərəfdən, əlavə işlənən saatların nəzərə alınmaması işçilərin yorulmasına və tükənməsinə səbəb olur. Nəticədə, iş keyfiyyəti aşağı düşür və ümumi məhsuldarlıq azalır”. 

“Şirkətlər işçiləri yalnız iş saatlarına görə deyil, ümumi fəaliyyətlərinə və verdikləri töhfəyə görə qiymətləndirməlidirlər. Ədalətli və balanslı yanaşma uzunmüddətli perspektivdə həm işçilər, həm də şirkət üçün faydalıdır”, - deyə o, əlavə edib. 

Maya Hüseynova

Seçilən
48
valyuta.az

1Mənbələr