AZ

Jerar Pike: “Barselona”nın prezidenti olmaq - qurban getməkdir”

“Barselona”nın keçmiş müdafiəçisi Jerar Pike özünü Kataloniya klubunun prezidenti olaraq görüb-görməməsi ilə bağlı sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Pikenin bu barədə qənaətini təqdim edir:

“Barselona”nın prezidenti olmaq – bu, daha çox, qurban olmaqdır, nəinki mükafatlandırılmaq, bu, aşkardır. Əgən nə vaxtsa mən görsəm ki, kluba, bu klubu uşaqlıqdan sevən, onun rənglərini duyan, onu tanıyan, ictimaiyyətin nə istədiyini bilən mənim kimi adamlar gərəkdir, mən orada olmağa mükəlləfəm, çünki “Barselona” mənə hər şeyi verib.

Bu, bir çox şərtlərdən asılıdır. Bu, klubdakı işlərin vəziyyətindən asılıdır, mənim şəxsi həyatımdakı bir çox amillərdən… Mən buna dəyər verməliyəm. Amma əgər mən gərək olsam, mən klub üçün əlçatan olacağam, istənilən vəzifədə, mütləq deyil ki, bu, prezident rolunda olsun”, deyə Pike fədakarlıqla bildirib.

Xatırladaq ki, Jerar Pike futbolçu karyerasını 2023-cü ilin yanvarında bitirib. “Barselona”nın yetirməsi olan Pike “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb. Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.

Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.

Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.

Seçilən
69
arena.az

1Mənbələr