AZ

Tofiq Abbasov: Barışmaz düşmənlər yaxınlaşır - Bunu bazar prosesi də adlandırmaq olar -SÖHBƏT

Beynəlxalq münasibətlərdə güc balansı və dövlətlərarası əlaqələr daim dəyişən bir prosesdir. Xüsusilə böyük güclər arasındakı münasibətlər dünya siyasətinə ciddi təsir göstərir. ABŞ və Rusiya kimi qlobal aktorların qarşılıqlı əlaqələri təkcə bu iki ölkə üçün deyil, həm də digər regionlar üçün strateji əhəmiyyət daşıyır. Son illər bu münasibətlər müxtəlif gərginliklər və kompromislərlə müşayiət olunur. Ancaq hər iki tərəf diplomatik dialoqu davam etdirmək, maraqlarını uzlaşdırmaq və geosiyasi üstünlüklərini qorumaq üçün fərqli taktikalara əl atır. Eyni zamanda, Cənubi Qafqaz regionu da bu qlobal proseslərin təsirini hiss edir və burada baş verən hadisələr regional oyunçuların gələcək strategiyalarını müəyyənləşdirir.
Son zamanlarda, xüsusilə Donald Trampın hakimiyyətə gəlməsindən sonrakı dövrdə iki supergücün, yəni Rusiya-ABŞ-ın artan münasibətləri, Ukrayna münaqişəsinin həll yollarının axtarılması prosesi, o cümlədən yaxın gələcəkdə dünya nizamında baş verəcək dəyişikliklər maraq doğuran məqamlardan biri kimi müşayiət olunur.

Mövzu ilə bağlı "Sherg.az"ın bu dəfəki müsahibi politoloq Tofiq Abbasovdur. Suallarımızı cavablandıran politoloq bildirib ki, Rusiya və ABŞ-nin münasibətləri bir çox məsələlərin həllinə yol açır.


- Salam, Tofiq bəy. Sizcə, iki supergüc dövlətlər dünyanı bölüşdürməkdə razılığa gələ biləcəkmi?

- Son illərin oturuşmuş tendensiyasından irəli gələn tərslik görürük. ABŞ, eləcə də Avropanın Rusiya arasında çox böyük uçurumlar qədər dərin ziddiyyətlər var idi. Onlar bir-biri üçün əlverişsiz şərait yaratmağa çalışaraq rəqibinin acığına fəaliyyət göstərirdilər. Sadəcə Trampın hakimiyyətə gəlişi bu məsələlərdə bir növ sabitlik, hətta kövrək etimad mühitinin yaranmasına vədlər verir. Biz görürük ki, Tramp danışıqlardan qaçmır. Hətta Rusiya və ABŞ-nin yüksək nümayəndələri artıq üçüncü ölkələrdə görüşür. Bu, ondan xəbər verir ki, tərəflər dialoq meydanını canlandırmaqda israrlıdırlar. Həllini gözləyən məsələlərlə bağlı ilk növbədə baxışlarını izah edəcək və istəklərini səsləndirəcəklər. Bu, siyasi aləmin bir qaydasıdır. Pərdəarxası həmişə danışıqlar keçir. Odur ki, bunu bazar prosesi adlandırmaq düzgün olardı. Tərəflər qarşılıqlı anlayış şəklində dünyanın hansı hissəsini kimin tənzimləyəcəyini aralarında müəyyənləşdirirlər. Bu baxımdan soyuq müharibə dövründə də Sovet İttifaqı ilə Qərb arasında danışıqlar gedirdi, lakin onlar sanki bir-birini eşitmirdilər. Çünki tutduqları mövqedən bir addım belə geri çəkilmək istəmirdilər. Amma siyasət aləmi hər zaman kompromislərə ehtiyaclıdır. Üstəlik, bu, qətiyyən alçaldıcı mahiyyət daşımır. Əksinə, kompromisə getmək güclülərin şakəridir. Digər tərəfdən Tramp ənənəvi siyasətçi olmasa da, siyasi aləmə yeni ümidverici trend gətirir. ABŞ Prezidenti göstərir ki, ən barışmaz düşmənlə, rəqiblə danışıqlar aparmaq lazımdır. O cümlədən, Kreml də bunu yüksək qiymətləndirir. Sirr deyil ki, seçki öncəsi Rusiya Trampın tərəfində idi. Çünki bilirdi ki, hakimiyyətə gələrsə, onunla dialoqa dəyər.

- Cənubi Qafqaz hər zaman böyük ölkələr üçün maraq obyekti olub. Həmçinin Qərb və Rusiya bölgədə Azərbaycana qarşı təsir etməyə çalışıblar. Bəs baş verən proseslərdə ölkəmiz hansı mövqedədir?

- Qafqaz kiçik olsa da, bu bölgədə müxtəlif mövqelər özünü əks etdirir. Həmçinin Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yeridir. Nə Qərb, nə də Şərq prinsipinə daha böyük üstünlük verir. Hər ikisi ilə münasibətləri var, əlaqələrini genişləndirir. Lakin birmənalı demək olmaz ki, rəsmi Bakı qərbpərəstdir ya da şərqpərəstdir. Azərbaycanın diplomatiyası taraz, balanslaşdırılmış siyasət həyata keçirir. Bütün bunlarla yanaşı, həm Moskva, həm də Vaşinqton gözəl anlayır ki, Prezident İlham Əliyevin istəkləri nədən ibarətdir və xarici prioritetləri özündə nəyi ehtiva edir. Məhz Azərbaycanda təzyiqlərə əl atmağın mənası olmadığını, bir nəticə verməyəcəyini başa düşürlər. Ümumilikdə Azərbaycan və Gürcüstan özlərinin seçdiyi yola sadiq qalacaqlar.

- Bəs Gürcüstan harada yer alacaq? Tbilisinin mövqeyi necə olacaq?

- Gürcüstana gəlincə, hazırda keçid mərhələsindədir. Ölkə hakimiyyəti mətinlik, əyilməzlik göstərməklə demək olar ki, öz mövqelərini qoruyub saxlaya bilir. Doğrudur, Qərbin reaksiyaları böyükdür, təzyiqlər var. Ancaq bu o demək deyil ki, onlar istəklərinə nail olacaqlar. Xüsusilə Avropa ölkələrini, siyasi institutlarını, qondarma təşkilatları daha çox düşündürən odur ki, niyə son illər ərzində Gürcüstana bu qədər maliyyə resursu xərclənib, amma nəticə alınmadı? Çünki Avropa bir kəsimi öz təsiri altına götürməklə Gürcüstandakı inqilabi proseslərə rəvac vermək istəyirdi. Çoxluq isə həmin o kəsimi qəbul etmir. Ona görə ki, LGBT dəyərləri, transgenderlər problemləri və s. gürcülərin klassik həyat tərzi ilə uzlaşmır. Onlar özlərinə arxayın olan millətdir, dəyişilməz dəyərləri var, yad təsirləri qəbullanmaq istəmirlər. Hətta cinsi azlıqların nümayişlərini Tbilisi və digər şəhərlərdə daşa basıblar, biyabır ediblər. Bu baxımdan gürcülər özlərinin dədə-baba ənənələrinə sadiqdirlər. Eyni zamanda göstərirlər ki, biz Qərblə küsmürük, əlaqələrimizi kəsmirik, lakin daxili işlərimizə qarışmasın. Gürcüstan artıq sözügedən keçid dövrünün sonuna çatır. Yaxın zamanda dövlət birmənalı şəkildə Azərbaycanın yolunu təkrarlamış olacaq. 

- Cənubi Qafqazın "bic uşağı" Ermənistanı hansı gücün yanında görəcəyik?
- Ermənistan isə iki qütb arasında gah o yana qaçır, gah bu yana gəlir. Yəni hələ özünü tapmamış aktor kimi əks etdirir və qeyri-müəyyən ifadələr irəli sürür. Onların nə istədiyini bilməməsi ölkə üçün ağrılı problemdir. İrəvanda bu barədə yekdil bir yanaşma yoxdur. Daxildə qütbləşmə var; Bəziləri ruspərəstdir, bəziləri avropapərəst və s.-dir. Odur ki, bunlar cəmiyyəti çaşqın vəziyyətə salır. Ermənistanda hakim qrup güclü mərkəz yaratmaq iqtidarında deyil. Üstəlik, onun acizliyi özünü bir çox çalarlarda əks etdirir. Onlar ilk növbədə diaspora ilə kilsənin təsirindən xilas olmalıdırlar, yoxsa erməni cəmiyyəti beləcə avaragor vəziyyətdə yaşayacaq.
Seçilən
64
sherg.az

1Mənbələr