AZ

"Ermənistanın ekoloji cinayətləri region üçün böyük təhdiddir" – Pərvanə Vəliyeva

Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu gün parlamentdə Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı çıxış edib.

QHT.az xəbər verir ki, deputat regionda ekoloji terrorun davam etdiyini və bunun Cənubi Qafqazla yanaşı, Xəzəryanı ölkələr üçün də ciddi təhdid yaratdığını bildirib:

"Ermənistan ərazisində Kür və Araz çaylarının yuxarı və orta axınlarına qovuşan Pəmbək çayı, Aparançay, Zəngiçay, Vediçay, Arpaçay, Oxçuçay, Bazarçay və digər çay hövzələrində aparılan mədənçilik fəaliyyəti nəticəsində tərkibində yüksək konsentrasiyalı ağır metallar olan tullantılar Azərbaycan və qonşu ölkələrin ərazisinə daxil olur. Bölgənin əsas şirin su mənbələrindən biri olan Araz çayının ağır kimyəvi çirklənməsi əhali, biomüxtəliflik, torpaq və su ekosistemlərinə böyük təhlükə törədir. Bu fəaliyyətlər beynəlxalq səviyyədə qəbul edilmiş ekoloji standart və prinsiplərə, xüsusən də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələblərinə ziddir".

Pərvanə Vəliyeva çıxışında bildirib ki, bu Konvensiya üzrə transsərhəd təsirlərə səbəb olan sənaye obyektlərinin ətraf mühitə təsiri ilə bağlı qiymətləndirmə hesabatları bütün təsirə məruz qalan tərəf ölkələrə təqdim edilməlidir. Onun sözlərinə görə, lakin Ermənistanın qonşu ölkələr, o cümlədən Azərbaycanla razılaşdırmadan, ətraf mühitə ziyan vuran mədənçilik fəaliyyəti aparması bu Konvensiyanın açıq şəkildə pozulmasıdır:

"BMT-in Transsərhəd Çayların və Beynəlxalq göllərin istifadəsi və mühafizəsi üzrə Konvensiyasına isə Ermənistanın imza atmaması onun məsuliyyətdən boyun qaçırmasının bariz nümunəsidir. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də nail olunmasını çətinləşdirir və Vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə edilən çağırışlara məhəl qoymamaqla Orhus Konvensiyasının tələblərini pozur. Bu isə onun şəffaflığa və məsuliyyətli ekoloji idarəetmə prinsiplərinə sadiqliyinə ciddi şübhələr yaradır. Ermənistanın iqtisadi inkişafı ətraf mühitin çirklənməsi və su hövzələrinin məhv edilməsi hesabına aparılmamalıdır. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekosidə görə Bern Konvensiyası üzrə hazırda beynəlxalq mühakiməyə çıxarılan Ermənistan tam təzminat ödəməlidir. Ermənistan beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərini dərhal dayandırmalıdır”.

 

Pərvanə Fərhadqızı

Seçilən
99
qht.az

1Mənbələr