Ağcabədidə zəncirvari qəza baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.
"Mercedes", "KİA" və VAZ markalı avtomobillərin iştirakı ilə baş verən qəzada VAZ-ın sürücüsü və 4 sərnişini hadisə yerində ölüb. Ağcabədi rayonu təcili tibbi yardım xidmətinin əməkdaşları zərərçəkənləri aidiyyəti üzrə təhvil vermək üçün hadisə yerinə cəlb edilib.
Xəsarət alan daha 5 nəfər (kişi) isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.
Digər 4 nəfər zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
**
Hadisə ilə bağlı FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “Mercedes” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.