AZ

Ölüm qaçılmazdır ...

Tarixin hər dönəmində liderlər, ölümün qaçılmaz olduğunu bilsələr də, üzərlərinə düşən məsuliyyətin ağırlığını dərk edərək mübarizədən geri çəkilməyiblər. Onlar öz həyatlarını deyil, ideallarını, xalqını və dövlətini düşünərək tarixə adlarını qızıl hərflərlə yazdırıblar. Lider olmaq sadəcə yüksək vəzifə tutmaq deyil, qorxmaz olmaq, məğlubiyyəti qəbul etməmək və ölümə belə dik baxmaqdır.

Sparta kralı Leonid 300 spartalı döyüşçü ilə Termopil keçidində yüz minlərlə fars ordusuna qarşı vuruşaraq, ölümün qaçılmaz olduğunu bilirdi. Amma o, yunan torpaqlarının azadlığı üçün sonadək mübarizə apardı. Hərb sənətinin ən möhtəşəm fədakarlıq nümunələrindən biri olan bu döyüşdə Leonid və onun döyüşçüləri düşmənin saysız-hesabsız ordusu qarşısında əyilmədi və tarixə “Qorxmazlıq və fədakarlığın simvolu” kimi düşdü. Onların adı əsrlər keçsə də unudulmadı. Çünki liderlər ölər, amma onların irsi əbədi qalır!

Azərbaycan tarixi də belə qəhrəmanlıq nümunələri ilə doludur. 20 Yanvar gecəsi Bakının küçələrində Sovet tanklarının qarşısına sinəsini sipər edən xalq, ölümə meydan oxuyaraq müstəqillik uğrunda mübarizə apardı. O gecə şəhid olanlar bilirdilər ki, onların taleyi artıq müəyyən olunub. Amma azadlıq uğrunda ölmək, əsarət altında yaşamaqdan daha şərəflidir!

Xalqının təhlükəsizliyi üçün həyatını qurban verənlərdən biri də Əlif Hacıyev idi. O, Xocalıda erməni vəhşiliyinin qarşısını almaq üçün son gücünə qədər vuruşdu və həyatını xalqının azadlığı uğrunda fəda etdi. 1992-ci ilin fevralında Xocalı qırğını zamanı o, xalqını tək buraxmadı, axıra qədər dirəniş göstərdi və son gülləsinə qədər vuruşdu. Bütün dünya Xocalı soyqırımını izləyərkən, Əlif Hacıyev və onun kimi igidlər tarixə qanla yazılan bir qəhrəmanlıq salnaməsi bəxş etdilər.

44 günlük Vətən Müharibəsində Azərbaycan oğulları istər döyüş, istər də diplomatik cəbhədə, əsgərindən generalına, diplomatından Ali Baş Komandana qədər hər kəs eyni ruhla son damla qanına qədər savaşdı, mübarizə apardı. Onlar torpaqlarının azadlığı üçün ölümün gözünün içinə baxaraq savaşdılar. Gözlərini qırpmadan, həyatlarını düşünmədən, ailələrini, övladlarını kənara qoyaraq vətən uğrunda canlarını fəda etdilər. Şuşanın qayalarına dırmaşan əsgərlər, Xudafərin körpüsünü azad edən igidlər, tank əleyhinə silahla düşmənin qarşısına atılan qəhrəmanlar – bunlar hamısı bir amalın yolunda ölümə meydan oxuyan liderlər idi. Çünki azadlıq və şərəf uğrunda ölmək, ləyaqətsiz yaşamaqdan daha üstün bir dəyərdir!

Dünyanın başqa bir guşəsində, Ukraynada Vladimir Zelenski də mübarizəni seçdi. O, aktyor idi, siyasətçi deyildi, amma ölkəsi işğala məruz qalanda qaçmadı, geri çəkilmədi, ölüm təhlükəsinə baxmayaraq, döyüş meydanında qaldı. Rusiya müharibəyə başladığı ilk günlərdə ona “Kiyevdən çıx” deyənlərə cavabı tarixə yazıldı: “Mənə təyyarə yox, silah verin!” O, güclü hərbi və iqtisadi resurslara malik bir imperiyanın qarşısında qaldığını bilirdi, amma Ukraynanın azadlığı üçün mübarizə aparmağa davam etdi. Bugünədək döyüş meydanında xalqının başında dayanır, Ukraynanın suverenliyi uğrunda ən güclü siyasi və diplomatik döyüşlər aparır.

Dünən isə dünyanın ən güclü dövləti ABŞ-ın prezidenti Donald Trampla canlı yayımda mübahisəyə çıxaraq öz haqqını müdafiə etdi. Bütün dünya gördü ki, o, sadəcə bir aktyor və ya siyasi kukla deyil, öz xalqı və ölkəsi uğrunda hər şeyə hazır olan bir liderdir. ABŞ prezidenti olmuş bir adamla bərabər səviyyədə danışmaq, mübahisə aparmaq hər liderin cəsarət edəcəyi iş deyil. Zelenski bu addımı ilə sübut etdi ki, mübarizə sadəcə silahla deyil, sözlə, mövqe ilə, siyasi iradə ilə də aparılır.

Tarixdə liderlər qorxaqlar arasında seçilir. Onlar təhlükəni görsələr də, arxaya baxmadan irəli gedirlər. Çünki liderlik təkcə vəzifə deyil, məsuliyyətdir. Lider olmaq həyatın bahasına mübarizə aparmaq deməkdir. Onlar ölümə meydan oxuyaraq azadlıq və ədalət uğrunda mübarizə aparanlardır. Leonid 300 spartalı ilə, Əlif Hacıyev Xocalıda, Azərbaycan əsgərləri Qarabağda, Zelenski Kiyevdə – hamısı eyni prinsipi təmsil edir. Ölüm qaçılmazdır, amma mübarizə, azadlıq, suverenlik əbədi bir dəyərdir!

Seçilən
37
vaxt.az

1Mənbələr