Bakı, TurkicWorld
Bu həftə səma həvəskarları unikal bir astronomik hadisənin şahidi olacaq - Mars, Yupiter, Uran, Venera, Neptun, Merkuri və Saturn eyni anda görünəcək.
"Planet paradı" adlanan bu nadir hadisə planetlərin müəyyən bir düzülmə meydana gətirməsi nəticəsində baş verir. Mütəxəssislər bildirir ki, bu möhtəşəm mənzərə 2040-cı ilə qədər təkrar olunmayacaq.
Planetləri ən yaxşı şəkildə görmək üçün çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri gün batdıqdan dərhal sonra səmaya baxmaq tövsiyə olunur.
Merkuri, Venera, Yupiter və Mars adi gözlə rahatlıqla görünəcək, Saturn üfüqə yaxın olacağı üçün onu görmək çətin ola bilər.
Uran və Neptun isə teleskop olmadan müşahidə edilə bilməyəcək.
Planetlərin bu cür düzülməsi onların Günəş sistemində Yerlə eyni müstəvidə yerləşməsi ilə əlaqədardır. Amma bu, onların həqiqətən bir-birinə yaxın olduğu demək deyil – aralarındakı məsafə milyonlarla kilometrdir.
Gün batdıqdan sonra Merkuri və Saturn qısa müddətə üfüqdə görünəcək, lakin sonra yox olacaq. Digər planetlər isə daha uzun müddət müşahidə oluna biləcək.
Venera və Yupiter parlaqlığı sayəsində asanlıqla seçiləcək, Mars isə özünəməxsus qırmızı çaları ilə fərqlənəcək.
Uran texniki baxımdan adi gözlə görünə bilər, lakin mükəmməl görünmə şəraiti və açıq hava tələb edir.
Planetləri daha yaxşı görmək üçün işıq çirklənməsinin az olduğu açıq bir məkana getmək tövsiyə edilir.
Gözlərin qaranlığa alışması üçün ən azı yarım saat gözləmək və telefon və digər süni işıq mənbələrindən uzaq durmaq müşahidə keyfiyyətini artıracaq.