Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun ötən həftə transfer olduğu "Radomyak" klubu xoşagəlməz halla üzləşib.
Offsideplus.az xəbər verir ki, Radom şəhərinin təmsilçisi yerli azarkeşlərin boykotu ilə üzləşib.
Belə ki, fanatlar dünən Polşa çempionatı çərçivəsində "Vidzev"ə qarşı keçirilən ev oyununun ilk 15 dəqiqəsində "Radomyak"a dəstək verməyiblər. Tribunaya toplaşan futbol həvəskarları matçın əvvəlində susmaqla, oyunçuları alqışlamamaqla son klub rəhbərliyinə etirazlarını bildiriblər.
"Radomyak" Azarkeşlər Assosiasiyası bununla bağlı sərt bəyanat yayıb: "Bu tətil klubdakı idarəçilik və təşkilatçılığa etiraz əlamətidir. Son turda "Legiya" üzərində qələbə bizi sevindirdi. Ancaq bir qalibiyyət klubun fəaliyyətindəki çatışmazlıqları ört-basdır etməyə kifayət deyil. Dəyişikliklər qaçılmazdır, onlar nə qədər tez olarsa, "Radomyak" üçün bir o qədər də yaxşıdır. Klubun İdarə Heyətindən azarkeşlərlə rəhbərlik arasında görüşün təşkilini, aydın bəyanatlar, bərpa planı və konkret tədbirlər gözləyirik".
Qeyd edək ki, Renat Dadaşov da dünənki oyunun iştirakçısı olub. Matçın 80-ci dəqiqəsində debüt edən 25 yaşlı hücumçu son dəqiqələrdə "Vidzev"in qapısına qol vurmaqla, "Radomyak"ı məğlubiyyətdən xilas edib (1:1)