AZ

PKK-dan tarixi qərar: Atəşkəs davamlı olacaq?

Xəbər verdiyimiz kimi, PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. 

Açıqlamada terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl olunacağı bildirilib.

“Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Biz atəşkəsin bu gün qüvvəyə mindiyini elan edirik”, - PKK “İcraiyyə Komitəsi”nin məlumatında vurğulanıb.

Qeyd edək ki, A. Öcalan bir neçə gün öncə tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib:

“Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.

Maraqlıdır, atəşkəsə əməl olunacaqmı? Bölgədə hansı siyasi proseslər baş verəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında politoloq Hikmət Babaoğlu bildirib ki, əsas məsələ həll olunub, lakin PKK terror təşkilatının özünü buraxması müəyyən qədər vaxt tələb edəcək:

“Bu qərarın sonunda Türkiyə dövləti daha da güclənəcək və yeni imkanlar əldə edəcək. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının öndərliyi ilə başladılan proses nəhayət Abdullah Öcalanın PKK-ya müraciəti ilə sona çatmış oldu.

Müraciətdə artıq PKK-nın fəaliyyətini zəruri edən səbəblərin aradan qaldırıldığı üçün belə bir təşkilatın da fəaliyyətinə ehtiyac qalmadığı bildirildi. Bu yalnız gediləcək və terrordan təmizlənəcək yolda başlanğıc hesab oluna bilər.

Çünki doğrudan da PKK terror təşkilatının özünü buraxması müəyyən qədər vaxt tələb edəcək. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi bu təşkilatın özünü buraxması və ləvğ etməsinə mane olacaq kənar qüvvələr tapılacaq. Hesab edirəm ki, əsas məsələ həll olunub, bu tarixi bir addımdır”.

Onun sözlərinə görə, PKK çağırış mətnini qəbul etdiyini bildirsə də, qeyri-müəyyən cavab verib:

“PKK hələlik Öcalanın çağırış mətnindəki olan maddələrin hər birini qəbul etdiyini ifadə etməsinə baxmayaraq sonda biz atəşkəs elan edirik deyir. Məhz PKK-nın bunda sonra necə davranacağı ilə bağlı müəyyən şübhələr var.

Hesab edirəm ki, Öcalanın müraciətinin hər bəndinin yerinə yetirilməsi ilə bağlı Türkiyə dövlətinin və ordusunun əlavə maxanizmləri var. Əgər bu mətndə səsləndirilən fikirlər tam yerinə yetirilməzsə, Türkiyə bunun baş tutması üçün əlavə vasitələrdən istifadə edə bilər”.

O bildirib ki, bu, həm də FETÖ terror təşkilatının zəifləməsi deməkdir:

“Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, əgər PKK fiziki terrorla məşğul olurdusa, FETÖ isə Türkiyəyə qarşı ideoloji və mənəvi terrorla məşğul olurdu. Hər iki terror təşkilatının məqsədi Türkiyə Cumhuriyyətini zəiflətməkdən ibarət idi. Mənə elə gəlir ki, bu, həm də Türkiyədə 2016-cı ilə dövlət çevrilişi etməyə cəhd göstərmiş FETÖ terror təşkilatının da nəticə etibari ilə zəifləməsi deməkdir.

Hər iki terror təşkilatının bəzən koordinasiya edilmiş, bəzən də sinxron Türkiyəyə qarşı fəaliyyətini görürdük. Ona görə düşünürəm ki, tarixən ortaq taleyi paylaşmış qardaş xalqların məhz tarixdən gələn müdrikliyə söykənərək belə bir birgə yaşayışla bağlı yenidən qərar qəbul etməsi Türkiyə üçün böyük və yeni bir başlanğıc deməkdir”. 

Seçilən
31
cebheinfo.az

1Mənbələr