AZ

Robert Kiyosaki: "Qızıl, gümüş və "BTC" bahalaşmır, dollar dəyər itirir"

Məşhur "Varlı ata, Kasıb ata" kitabının müəllifi Robert Kiyosaki "Bitcoin"("BTC") və qiymətli metallara yönəlik birja ticarət fondlarına ("ETF") sərmayə qoymaqdan yenidən çəkindirib.  

Valyuta.Az xəbər verir ki, o, investorları bu cür vasitələrə etibar etmək əvəzinə, birbaşa mülkiyyətə üstünlük verməyə çağıraraq, bank sistemini korrupsiyalaşmış adlandırıb.  

Kiyosaki "X" sosial şəbəkəsindəki son paylaşımında qızıl, gümüş və "Bitcoin ETF"lərini "bankirlərin pulu" kimi xarakterizə edərək, ənənəvi maliyyə alətləri ilə birbaşa aktiv mülkiyyəti arasındakı fərqləri vurğulayıb. O, maliyyə sisteminin çökəcəyini proqnozlaşdırıb.

""BTC" fırıldaq ola bilər... Amma ABŞ dolları və bank sistemi qədər deyil... Xüsusilə də Federal Ehtiyat Sistemi (Fed) ilə başlayaraq", – deyə Kiyosaki bildirib.  

O, mərkəzi bankirləri "bankster" (bankçı + gangster) adlandıraraq, milyardlarla dollar itirdikdən sonra dövlət tərəfindən xilas edildiklərini, əslində isə həbs olunmalı olduqlarını söyləyib.  

Kiyosakinin bu açıqlamaları "BTC" qiymətində dalğalanmaların yaşandığı dövrə təsadüf edir. Fevralın 27-də kriptovalyutaların dəyəri düşdükcə, o, bu enişi fürsət kimi qiymətləndirərək, ""BTC" ucuzlaşır. "BTC" endirimdədir. Mən alıram", – deyə açıqlama verib.  

Kiyosakiyə görə, əsas problem "BTC" deyil, ABŞ-nin pul sistemi və bank sektorudur.  

O, ABŞ-nin ümumi borcunun sosial proqramlar və maliyyələşdirilməmiş öhdəliklərlə birlikdə 230 trilyon dolları keçdiyini iddia edərək, rəsmi 36 trilyon dollarlıq dövlət borcundan daha böyük bir böhran yaşandığını bildirib.  

Kiyosaki, Yaponiya və Çin kimi əsas investorların ABŞ istiqrazlarını almaqdan imtina edəcəyi təqdirdə inflyasiyanın sürətlə artacağını və bunun iqtisadi çöküşə, eləcə də dolların dəyərsizləşməsinə səbəb olacağını proqnozlaşdırır.  

"Qızıl, gümüş və "BTC" bahalaşmır, dollar dəyər itirir"  

Müəllif iqtisadi qeyri-müəyyənlik dövründə real aktivlərə investisiya etməyi dəfələrlə tövsiyə edib. O, gümüşün qiymətinin əhəmiyyətli dərəcədə artacağını qeyd edərək, bu metalın bir unsiyasının hazırda təxminən 32 dollar olduğu halda, qızılın 3 000 dollar həddini aşmasından sonra bir il ərzində 70 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıb.  

Kiyosaki aktivlərə dair baxışını inflyasiya və valyuta dəyərsizləşməsi ilə izah edir: "Qızıl, gümüş və "BTC" bahalaşmır. İnflyasiya onların dəyərini artırmır, sadəcə saxta pulların alıcılıq qabiliyyətini aşağı salır", – deyə o vurğulayıb.  

Rəhim

Seçilən
44
valyuta.az

1Mənbələr