AZ

“Sizin çətiriniz altında, “Türk axını”nı niyə hədəf alır?”- Lavrovun Ankaraya zəngi

Ukraynanın PUA hücumu Rusiyaya vəziyyəti qızışdırmaq fürsəti verib

Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Krasnodar diyarındakı “Russkaya” kompressor stansiyasına Ukrayna PUA-larının hücumunu müzakirə edib ki, bu da təsadüfi deyil. Çünki bu obyekt qazı “Türk axını” ilə təmin edir. Rusiya mənbələrinin xəbərinə görə, Lavrov bu cür hücumların qarşısını almaq üçün Ankaranın Kiyevə öz təsir imkanlarından istifadə etməyə çağırıb. Ankara isə “lazımi tədbirlər görəcəyinə söz verib”. Rəsmi Kiyev hələ məsələyə münasibət bildirməyib, Türkiyədən hər hansı təmaslar haqda da bilgi yoxdur…

IMG_2488.jpeg (85 KB)

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, “Vladimir Zelenskinin Vaşinqtona səfəri fonunda” həyata keçirilən hücumun məqsədi Avropaya qaz nəqlini dayandırmaq olub. Dronlar obyektdən təhlükəsiz məsafədə məhv edilib, kompressor stansiyası zədələnməyib və qaz təchizatı normal şəkildə davam edir.

“Russkaya” kompressor stansiyası Türkiyəyə, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulmuş “Türk axını” boru kəməri ilə qaz təchizatını təmin edir. Onun tutumu 31,5 milyard kubmetr qazdır.

Bu gün “Türk axını” mayeləşdirilmiş təbii qazın dəniz yolu ilə nəqli istisna olmaqla, Rusiya qazının Avropaya çatdırılması üçün yeganə marşrutdur. İlin əvvəlindən Ukrayna Rusiya qazını Avropaya tranzit etməkdən imtina edib. TASS-ın hesablamalarına görə, yanvar-fevral aylarında Rusiya “Türk axını” ilə qaz ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə dörddə birdən çox artıraraq 3,1 milyard kubmetrə çatdırıb.

Bu, Ukraynanın “Türk axını” infrastrukturuna zərbə vurmaq üçün ilk cəhdi deyil. Yanvarın ortalarında hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 9 pilotsuz təyyarəni vurub. Bir pilotsuz uçuş aparatından düşən tullantılar qaz ölçmə məntəqəsinin binasına və avadanlıqlarına cüzi ziyan vurub, Rusiya bunu “enerji terroru aktı” adlandırıb.

IMG_2490.jpeg (70 KB)

Macarıstan hökuməti Ukraynanın “Türk axını” qaz kəməri infrastrukturuna hücumunu onun suverenliyinə qəsd hesab edir. Macarıstanın xarici işlər naziri Peter Sijarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığından sonra belə deyib. "Avropa Komissiyası bu yaxınlarda Ukraynanın Avropa İttifaqına aparan qaz kəməri infrastrukturuna hücum etməyəcəyinə dair zəmanət verdi, ona görə də biz Avropa Komissiyasını onun zəmanətlərini yerinə yetirib-yetirmədiyini dərhal aydınlaşdırmağa çağırırıq", - deyə, Macarıstanın xarici işlər naziri bildirib.
Rusiya mediası bu hücum konteksində Vladimir Zelenskinin “ABŞ və Avropanın təzyiqindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çətiri altına sığınması” barədə iddiaları yada salıb. Qeyd edək ki, fevralın 17-də Zelenski Ankarada olub və Ərdoğanla Türkiyədən Ukraynaya mümkün təhlükəsizlik təminatları ilə bağlı danışıqlar aparıb. Kiyev liderinin görüş zamanı Türkiyə liderinin çətiri altına sığındığı foto mediada xüsusi diqqət çəkib. Lavrovun Türkiyə xarici işlər nazirinə zəngi də “sizin çətiriniz altınızdadırsa, niyə “Türk axını”nı hədəf alınır” mesajı kimi oxunmalıdır...

Mənbə: musavat.com

Seçilən
43
1
musavat.com

2Mənbələr