Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün ölkə çempionatının (K Liqa 1) 3-cü turu çərçivəsində “Suvon”la qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası 89-cu dəqiqədə vurduğu yeganə qol sayəsində meydanı qələbə ilə tərk edib – 1:0.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
“Daejeon Hana Sitizen” 3 oyuna topladığı 6 xalla 12 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Krivotsyukun komandası 3 oyuna 2 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin hər üçündə iştirak edib.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 64 oyuna çıxıb, 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub. 26 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 40 matça çıxıb, 1 qola imza atıb.