Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 27-ci turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.
“Boluspor” doğma meydanda baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 0:0.
İsgəndərli qarşılaşmanın 90-cı dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçu bu görüşdə fərqlənə bilməyib.
“Boluspor” 27 oyuna topladığı 38 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Vüsalın komandası bu oyunlarda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 28 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
Bu gün digər azərbaycanlı futbolçu – Həsən Nəzərovun çıxış etdiyi “Ankaragücü” komandası da növbəti matçını keçirib. Sözügedən komanda səfərdə “Adanaspor”la qarşılaşıb və 0:2 hesabıyla uduzub. Azərbaycanlı futbolçunun adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
“Ankaragücü” 27 turdan sonra 34 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Nəzərovun komandası 27 oyunda 10 qələbə qazanıb, 4 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov əsas komandada 5 oyun keçirib.