"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Kubokunun 1/8 finalında "Fulhem"ə (1:1; penaltilərlə 3:4) məğlubiyyətdən sonra nikbin danışıb.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı çalışdırıcı gələcəkdə İngiltərə Premyer Liqasının qalibi olmaq istədiklərini bildirib.
"Bizim məqsədimiz Premyer Liqanı qazanmaqdır. Başa düşürəm, indi biz oyunları uduzuruq, ancaq əsas məqsəd dəyişməz qalır - çempionatın qızıl medalları! Bilmirəm, bu, nə qədər vaxt aparacaq, istənilən halda, biz dayanmaq fikrində deyilik", - deyə R.Amorim vurğulayıb.
Qeyd edək ki, "Mançester Yunayted" cari mövsüm İngiltərədə bütün mümkün mükafatlardan əlini üzüb. "Qırmızı şeytanlar" İngiltərə Kuboku və Liqa Kubokunda mübarizəni dayandırıb, Premyer Liqada isə 14-cü pillədə qərarlaşıb. Komandanın yeganə ümid yeri 1/8 finalda iştirak hüququna malik olduğu Avropa Liqasıdır