AZ

Xırdalandakı “Faxralı”da güclü yanğın - Video - Fotolar - Yenilənib

Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə AAF Park yaşayış kompleksinin ərazisindəki  “Faxralı” restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Xəsarət alanların olub-olmaması hələ ki, bilinmir.

***

FHN yanğınla bağlı məlumat yayıb.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir”, - məlumatda qeyd olunub.

***

Məlumata görə, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.

Alovun yaşayış binasına keçməsinin qarşısının alınması üçün tədbirlər görülür. Təhlükəsizlik məqsədi ilə binadan sakinlər təxliyə edilir.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin çevik və koordinasiyalı fəaliyyəti sayəsində yanğının yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb:

“Hazırda yanan obyektin bütün perimetri boyu qüvvələr tərəfindən yanğına fəal müdaxilələr edilir. Əlavə məlumat veriləcək”.

***

FHN-dən verilən məlumata görə, yanğın məhdudlaşdırılıb:

“Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

Əlavə məlumat veriləcək”.

***

Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

***

Ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi daha bir məlumat yayıb.

Məlumatda bildirilib ki, qurum tərəfindən yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.















Seçilən
113
10
qafqazinfo.az

10Mənbələr