Olaylar.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, qanunvericiliyə əsasən Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqq 6 manat məbləğində müəyyən edilib.
"Bu baxımdan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarının 1-ci bəndində nəzərdə tutulan hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən məbləğin artırılması təklif olunur.
Bununla yanaşı, həmin Qərarın 2-ci və 3-cü bəndlərində cinayət mühakimə icraatı zamanı görülən işin müqabilində tərcüməçiyə, mütəxəssisə və ya ekspertə hər iş saatı üçün nəzərdə tutulmuş məbləğə (0,35 manat) yenidən baxılması da məqsədəmüvafiq hesab olunur", - deyə məruzədə qeyd edilib.