AZ

Bu il maksimum bal toplayanların sayı ARTA BİLƏR

Ötən gün 11-ci siniflər üçün buraxılış imtahanı keçirilib. Abituriyentlərin sözlərinə görə, imtahan o qədər də çətin olmayıb.

 

Bəs görəsən, bu il maksimum bal toplayanların sayı ötən ilə nisbətdə artacaqmı?

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, imtahandan sonra sosial şəbəkələrdə və müxtəlif təhsil platformalarında apardığım manitorinq və sual kitabçalarının təhlilinə əsasən, Azərbaycan dili və İngilis dili fənləri üzrə təqdim olunan suallar əvvəlki illərlə müqayisədə daha asan olub:

 

“Bu tendensiya təsadüfi deyil və daha geniş kontekstdə DİM-in illərdir həyata keçirdiyi imtahan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Məlumdur ki, 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında maksimum 300 bal toplayan şagirdlərin sayı 54 nəfər olmuşdu. 2025-ci ildə də buraxılış imtahanlarının çətinlik səviyyəsinin aşağı salınması nəticəsində bu rəqəmin eyni qalması və ya cüzi artması mümkündür. Nəticələrin ötən illə ciddi fərqlənməməsi üçün sualların müəyyən balansda saxlanması vacibdir. Bunun əsas səbəblərindən biri ictimai gözləntilər və abituriyentlərin ali təhsilə qəbul prosesinə təsir edən psixoloji amillərlə bağlıdır.

 

Əgər hər hansı bir il imtahanlar radikal şəkildə çətinləşdirilərsə və nəticələr nəzərəçarpacaq dərəcədə aşağı düşərsə, bu, valideynlər, şagirdlər və təhsil ictimaiyyəti tərəfindən narazılıqla qarşılanacaq. Xüsusilə, buraxılış imtahanları birbaşa ali təhsil müəssisələrinə qəbul prosesinin ilkin mərhələsi olduğu üçün bu nəticələrin çox aşağı olması qəbul planlarına da təsir edəcək. Bu mənada DİM-in tətbiq etdiyi bu siyasət, nəticələrin sabitliyini qorumaq məqsədini daşıyır.

 

Lakin buraxılış imtahanlarının çətinlik səviyyəsi ilə bağlı bu cür idarə olunan yanaşmanın başqa bir səbəbi də var: ali məktəblərdə plan yerlərinin doluluq səviyyəsinin təmin edilməsi. Azərbaycan Respublikasında ali təhsil müəssisələrində hər il qəbul planları artırılır. Bu isə o deməkdir ki, daha çox abituriyentin universitetlərə daxil olması gözlənilir. Əgər buraxılış imtahanları çətinləşdirilsə və nəticələr aşağı düşsə, ali məktəblərə daxil olan tələbə sayı azalacaq və plan yerləri boş qala bilər”.

 

Həmsöhbətimiz qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında artım müşahidə edilir:

 

“Ölkədə universitetlər arasında rəqabət artdıqca, daha çox tələbə cəlb etmək üçün plan yerlərinin genişləndirilməsi vacib şərtə çevrilir. Bu səbəbdən də qəbul prosesinin ilkin mərhələsi olan buraxılış imtahanlarında nəticələrin müəyyən səviyyədə saxlanması məqsədəuyğun hesab edilir. Əgər nəticələr kütləvi şəkildə aşağı düşsə, ali təhsil müəssisələrinin planları pozula bilər və bəzi ixtisaslar üzrə tələbə qıtlığı yarana bilər. Bu, həm də universitetlərin maliyyə dayanıqlılığı üçün çətinliklər yarada bilər.

 

Təhsil sistemində nəticələrin idarə olunması məsələsi yeni deyil. Son illərdə DİM müxtəlif fənlər üzrə imtahanların çətinlik səviyyəsini idarə olunan şəkildə dəyişməklə nəticələri müəyyən çərçivədə saxlamağa çalışır. Bu, bəzən məntiqi görünə bilər, lakin uzunmüddətli perspektivdə təhsil keyfiyyətinə mənfi təsir edə bilər. Əgər imtahanlar ildən-ilə asanlaşarsa, bu, şagirdlərin real bilik və bacarıqlarının artmasına deyil, yalnız statistik göstəricilərin sabit saxlanmasına xidmət edəcək.

 

Ali təhsil sistemində tələbələrin sayının süni şəkildə artırılması bir çox ölkələrdə geniş yayılmış praktikalardan biridir. Lakin bunun mənfi tərəfləri də var. Əgər universitetlərə daxil olan tələbələrin səviyyəsi ildən-ilə zəifləyərsə, bu, ali təhsildə keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər. Ali təhsil müəssisələrində artıq müəyyən fənlər üzrə tələbələrin baza biliklərinin zəif olması ilə bağlı narahatlıqlar var. Xüsusilə, riyaziyyat və təbiət elmləri sahələrində bəzi tələbələrin fundamental anlayışlara malik olmaması ciddi problemlər yaradır. Bunun əsas səbəblərindən biri isə məhz buraxılış və qəbul imtahanlarının çətinlik səviyyəsinin əvvəlki illərlə müqayisədə azalmasıdır”.

 

“Hazırkı vəziyyətdə Azərbaycan təhsil siyasətinin qarşısında duran əsas vəzifə yalnız nəticələri idarə etmək yox, ümumilikdə məktəb təhsilinin keyfiyyətini artırmaqdır”,- deyə fikrinə əlavə edib:

 

“Buraxılış imtahanlarının asanlaşdırılması yalnız qısamüddətli həll yoludur. Əgər həqiqətən də ali təhsildə keyfiyyəti artırmaq və məzunların bilik səviyyəsini yüksəltmək istəyiriksə, orta məktəb proqramlarında ciddi dəyişikliklər aparılmalıdır.

 

İlk növbədə, məktəblərdə tədris olunan fənlərin məzmunu təkmilləşdirilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Hazırda orta məktəb dərsliklərində bir çox fənlər üzrə nəzəriyyə yüklənməsi var, lakin real tətbiqi biliklər və analitik düşüncə tələb edən mövzular ya yoxdur, ya da kifayət qədər vurğulanmır. Bunun nəticəsində şagirdlər sadəcə imtahanlardan yüksək nəticə əldə etməyə fokuslanır, lakin real biliklər qazanmır.

 

Digər bir vacib məsələ isə müəllim hazırlığıdır. Ali təhsil müəssisələrində müəllimlik ixtisasları üzrə təhsil alan tələbələrin səviyyəsi artırılmalıdır. Müəllimlər tədris prosesində daha müasir metodlardan istifadə etməli və şagirdlərin tənqidi düşünmə qabiliyyətini inkişaf etdirməyə fokuslanmalıdır. Əks halda, imtahan nəticələrinin süni şəkildə idarə olunması təhsildə real irəliləyişə səbəb olmayacaq.

 

Ümumiyyətlə, buraxılış imtahanlarının çətinlik səviyyəsinin asanlaşdırılması abituriyentlərin ali məktəblərə daha rahat daxil olmasına kömək edə bilər. Lakin bu tendensiya uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Əgər hər il imtahan sualları əvvəlki illərlə müqayisədə asanlaşdırılarsa, bu, təhsil sistemində nəticələrin süni idarə olunmasına və real bilik səviyyəsinin azalmasına gətirib çıxara bilər.

 

Nəticə etibarilə, DİM-in bu il buraxılış imtahanlarını asanlaşdırması planlı bir addımdır və əsas məqsəd nəticələrin ötən illərlə eyni səviyyədə qalmasını təmin etməkdir. Lakin bununla paralel olaraq təhsil sistemində keyfiyyətin artırılması üçün daha fundamental islahatlar həyata keçirilməlidir. Əks halda, ali təhsilə daxil olan tələbələrin bilik səviyyəsində geriləmə müşahidə edilə bilər və bu da gələcəkdə təhsil sistemində ciddi problemlərə yol aça bilər”.

Seçilən
24
azedu.az

1Mənbələr